Almaniya səfiri yeni Bakı Limanı ilə tanış olub

93 dəfə oxunub
Almaniya səfiri yeni Bakı Limanı ilə tanış olub
18 noyabr 2019-cu il tarixində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı ilə tanış olmuşdur.
 
Qonağı salamlayan Bakı Limanının Baş direktoru Taleh Ziyadov limanın yaradılması tarixçəsi, inkişaf planları, həyata keçirdiyi əməliyyatlar və gələcək planlara dair geniş məlumat vermişdir. Bildirilmişdir ki, Bakı Limanı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə birlikdə “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin icrasına başlayıb. Baş direktor Taleh Ziyadov qeyd etmişdirki, sözügedən layihə Bakı, Aktau və Türkmənbaşı limanlarını birləşdirərək Xəzər regionunda liman əməliyyatlarını sürətləndirilməsi baxımından mühüm addım olacaq. Layihə çərçivəsində 3 limanın avtomatlaşma və rəqəmsallaşma proseslərinin yol xəritəsinin və müvafiq texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulub.
 
Həmçinin, Almaniya ilə sərhəddə yerləşən və Niderlandın logistika mərkəzlərindən biri olan Venlo şəhəri və Bakı Limanının əməkdaşlığı nəticəsində Venlodan Çinə yeni marşrutun əlavə ediləcəyi vurğulamışdır. Bu yol Venlodan İstanbula və daha sonra Bakı Limanından Xəzər Dənizi üzərindən Qazaxstan limanlarına və Qazaxstandan Çinə uzanacaq. Venlo şəhərinin Almaniya sərhədinə yaxın olmasını nəzərə alaraq, Almaniya logistika mərkəzlərinin və şirkətlərinin həmin xəttə qoşulması təklif edilmişdir.
 
Səfir Volfqanq Maniq Azərbaycan və Almaniya Federativ Respublikası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni Bakı Limanının bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini bildirmişdir. Daha sonra qonaq Bakı Limanı ərazisi ilə əyani olaraq tanış olub



Redaktorun seçimi