Dayanıqlı kənd təsərrüfatı üçün Niderland təcrübəsi öyrənilir

Hit: 245
Dayanıqlı kənd təsərrüfatı üçün Niderland təcrübəsi öyrənilir

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Niderland Krallığının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə sağlam qida istehsalı üçün “Dayanıqlı kənd təsərrüfatı” mövzusunda seminar keçirilib. Seminarda Niderland Krallığının Azərbaycanda və digər ölkələrdəki attaşeləri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, beynəlxalq təşkilatların və biznes strukturların nümayəndələri iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildiriblər ki, açılış mərasimində Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers, Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova çıxış edib.

Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers iki ölkə arasındakı əlaqələrdən, xüsusilə aqrar sahədə qarşılıqlı münasibətlərin mövcud vəziyyətindən, kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərindən danışıb. O bildirib ki, Azərbaycanla kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinin genişlənməsi Niderland Krallığı üçün prioritet əməkdaşlıq istiqamətlərindəndir.

Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Quliyeva son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatların müsbət nəticələr verdiyini bildirib: “Kənd təsərrüfatında inkişafa nail olmaq, dayanıqlılığı təmin etmək məqsədilə aqrar sahədə ixtisaslamış aparıcı ölkələrin təcrübəsini öyrənmək, bu sahədə təcrübə mübadiləsi aparmaq bizim əsas fəaliyyət istiqamətlərimizdəndir. Aqrar sahənin inkişafı üçün dövlət tərəfindən davamlı olaraq dəstək tədbirləri həyata keçirilir, dayanıqlı kənd təsərrüfatı istehsalına imkan verən yeni texnologiyaların tətbiqi genişlənir, fermer təsərrüfatlarının inkişafı üçün subsidiyalar verilir. Həyata keçirilən tədbirlərin məqsədi keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməkdir”.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova dayanıqlı kənd təsərrüfatı sahəsində rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərə toxunub. O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən yeniliklər, Aqrar Tədarük və Təchizatın fermerlərə təqdim etdiyi imkanlar fermerlərin inkişafında, təsərrüfat sahələrindən əldə olunan məhsulun keyfiyyətinin və həcminin artırılmasında müstəsna rol oynayır: “Aqrar Tədarük və Təchizat tərəfindən həyata keçirilən “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə”, “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihələrinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətini, məhsuldarlığın həcmini artırmaq və onların satışına dəstək olmaqdır. Eyni zamanda, fermerlərin sosial rifahının artırılmasına nail olmaqla kənd təsərrüfatında dayanıqlılığın təmin olunması bütövlükdə Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumların əsas fəaliyyət istiqamətlərdən biridir”.

Seminar panel müzakirələrlə davam edib. “Ağıllı” kənd təsərrüfatı panelində “Dayanıqlı torpaq və su idarəetməsi”, “Pilot ferma”, “Tullantıların idarəedilməsi”, Veterinariya (Heyvan sağlamlığı) panelində “Dayanıqlı bəsləmə və yemləmə”, “Veterinariya”, İstixana texnologiyaları panelində isə “Bitkilərin sağlamlığı / xəstəliyi və məhsul yığımından sonrakı idarəetmə”, “Ziyanvericilərə qarşı kompleks mübarizə”, “İstixanalarda innovasiyalar”, “Dayanıqlı istixanalar” mövzularında müzakirələr aparılıb.









Redaktorun seçimi