Yeni nazirliyin işi necə qurulacaq? - Cabbarovdan açıqlama
AzTV-nin “Həftə” verilişində qonaq olan İqtisadiyyat naziri Mikayıl Cabbarov bir sıra qurumların ləğv edilərək rəhbərlik etdiyi nazirliyə birləşdirilməsindən danışıb.
Nazir bildirib ki, rəhbərlik etdiyi qurumun əsas hədəfi iqtisadiyyata bütöv bir baxışı əks etdirməkdir:
“Bunun üçün bir sıra alətlər mövcuddur. Onlardan biri vergi siyasətidir. Vergi siyasətini biz iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin amili kimi qiymətləndiririk. Sirr deyil ki, bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığının mədəniyyətindən asılı olaraq bir sıra yerli və xarici investorlar yeni biznesə başlayıb başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayəni həyata keçirmək kimi suallara cavab verir və müvafiq qərarlar qəbul edir. Bu mənada düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır. Bu öz növbəsində iqtisadi inkişafın, fəaliyyətin və vergitutma bazasının genişlənməsinə gətirib çıxarır.
Digər sahələrdə olduğu kimi, biz heç də öz işimizi sıfırdan başlamırıq. Bütün sahələrdə son illər ərzində işlər həyata keçirilibdir. Bütün nailiyyətləri qoruyaraq hansı sahələrdə çatışmazlıqlar və təkmilləşmələrə ehtiyac varsa, bunu işləyərək həyata keçirəcəyik”.