“Qarabağ” yatağının işlənməsi üçün platformanın tikintisi sona çatır

Hit: 540
“Qarabağ” yatağının işlənməsi üçün platformanın tikintisi sona çatır

Oktyabrın 4-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin baş vitse-prezidenti xanım Karri Lokhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Qarabağ” yatağının işlənməsi ilə bağlı fikir mübadiləsi aparılmış, perspektivlər müzakirə edilmişdir. Tərəflər layihənin düzgün istiqamətdə inkişaf etdiyini vurğulamış, yüksək səmərə verəcəyinə və Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatacağına əminliklərini ifadə etmişlər. “Qarabağ” yatağında istifadəsi nəzərdə tutulmuş qurğu və platformada yekun işlərin görüldüyü və bu yaxında istismara veriləcəyi bildirilmişdir. 

Görüşdə həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi” ilə bağlı fikir mübadiləsi aparılmış, SOCAR rəhbərliyi müxtəlif layihələrdə “Equinor” şirkəti ilə əməkdaşlığın perspektivli olduğunu bildirmişdir. Tərəflər gələcəkdə də əməkdaşlığın davam etdirilməsi imkanlarını müzakirə etmişlər.  

Xatırladaq ki, SOCAR və Statoil (Equinor) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edir. AÇG layihəsində SOCAR 25%, Statoil-Azərbaycan şirkəti isə 7,27% paya malikdir. Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Statoil Azərbaycan 8,71%, SOCAR-ın törəmə şirkəti olan AzBTC 25%-lik pay sahibidir. 2018-ci ildə SOCAR ilə Equinor qrupunun bir hissəsi olan “Statoil-Azərbaycan” şirkətI arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti sazişi” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş” imzalanmışdır.









Redaktorun seçimi