Kölgə iqtisadiyyatına qarşı mübarizə niyə davam etdirilməlidir?

68 dəfə oxunub
Kölgə iqtisadiyyatına qarşı mübarizə  niyə davam etdirilməlidir?

Cari ilin başa çatmasına iki aydan bir az çox vaxt qalır, ilin sonuncu rübündəyik. Lakin indidən qeyd etmək olar ki, bu il iqtisadi və sosial baxımdan çox böyük və əhəmiyyətli işlər həyata keçirilməklə, genişmiqyaslı addımlar atıldı. Başqa sözlə desəm, ölkəmizdə sosial dövlət modeli quruculuğu yolunda fövqəladə irəliləyiş əldə edildi. Hansı ki, bəziləri bütün bunları risk hesab edir və xarici təsir şəraiti dəyişərdisə, hər şeyin yarımçıq qalacağını bildirirdilər. Ancaq bu, yanlış fikir idi. O səbəbdən ki, bu fikiri söyləyənlər nədənsə vergi sahəsində yanvarın 1-dən qüvvəyə minən dəyişiklikləri nəzərə almır, ya qəsdlə pərdə arxasında saxlayır və yaxud da bunun nəticəsiz olacağı düşüncəsində idilər.

Söhbət, Vergi Məcəlləsinə edilən 300-ə yaxın dəyişiklikdən gedir.

 Cari ilin əvvəlindən iqtisadiyyatın bir sıra sahələrində tətbiq olunmağa başlanan, mahiyyətcə güzəştli xarakter daşıyan sözügedən vergi islahatlarında əsas məqsəd dərəcələrdə və yığımda inzibatçılığı təkmilləşdirməkdən ibarət idi. Bunun üçün isə yayınmanı azaltmaq, uçot bazasının və mal dövriyyəsinin sənədləşdirilməsi də daxil, vergi tutma rejimi kimi məsələləri təkmilləşdirmək və vergi güzəştlərini optimallaşdırmaq yolu ilə iqtisadi səmərəni gücləndirmək, əsas meyarlar təşkil edirdi.

Ümumiyyətlə, xatırladım ki, sözügedən problemlərin həlli üçün vergi siyasətində 5 əsas istiqamət müəyyənləşdirilmişdi ki, bunlar iqtisadiyyatda kölgə hissəni azaltmaq, vergi tutma bazasını təkmilləşdirmək, vergi ödəyicilərinin hüquqlarını genişləndirmək və vergi inzibatçılığını genişləndirməkdən ibarət sayılırdı. Yeri gəlmişkən, Maliyyə naziri Samir Şərifov islahat işə düşməmişdən öncə bildirmişdi ki, sözügedən dəyişikliklər dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addım olmaqla yanaşı müəyyən vaxt ərzində büdcənin gəlirinin bir hissəsindən həm də faktiki imtina edilməsi deməkdir. Nazir S. Sərifov ona görə belə demişdi ki, vergi sahəsində islahatlar adətən, dərhal nəticə vermir və müəyyən vaxt tələb edir.

Sözüm bunda deyil. Bəli, cari il başlayandan məhz kölgə iqtisadiyyatına qarşı start götürən inqilabı addımlaırın sayəsində sosial sahədə məlum qərarlar vermək mümkün oldu. Bunu mütləq nəzərə almaq lazımdır. Belə ki, məsələn, minimum əmək haqqı yaşayış minimumu səviyyəsinə yalnız bu il çatdırıldı. Halbuki, dövlət gəlirlərimiz 2015-2016-cı illərdən əvvəl indikindən yüksək idi. Buna baxmayaraq, sözügedən bərabərləşməni yalnız bu il əldə edə bildik. Niyə və nəyin hesabına? Sözsüz ki, bilavasitə, son 1 il ərzində ölkədə həyata keçirilməyə başlanılan şəffaflığın, yeni yanaşmanın və islahatların sayəsində...

Demək istədiyim budur ki, sosial dövlət modeli quruculuğunda bütün problemlərin kökündə məhz kölgə iqtisadiyyatı dayanırdı ki, dövlət və hökumət sosial istiqamətdə nə qədər güclü siyasət yeridir, yeritsin, effektlilik səviyyəsinin bir hissəsi bu amil tərəfindən "qara dəlik işığı udduğu" tək mənimsənilirdi. Bu, çox ciddi problemdir.

Təkcə bir faktı xatırladım ki, 2018-ci ildə kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması istiqamətində görülən işlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayınma aşkarlanaraq, büdcəyə daxil edilmişdi. Bunlar hələ vergi yoxlaması nəticəsində ortaya çıxandı. Bu, nəyi göstərir? Bizdə kölgə iqtisadiyyatı kifayət qədər böyük paya sahibdir. Və milli gəlirin bölgüsündə ədalətsizlik elementlərinin kökündə də elə məhz, bu amil dayanır.

Odur ki, dövlətimiz tərəfindən sosial aspektdə illərlədir nümayiş etdirdiyi cari ildən daha da gücləndirdiyi səylərin maksimal səviyyədə effekt verməyi üçün “kölgə iqtisadiyyatının” səviyyəsinin mütləq şəkildə azaltmaq zərurəti ortada hələ də ciddi şəkildə dayanır. Çünki 2019-cu il ərzində ilkin nəticələr - hətta 1-ci rübün yekunları belə göstərdi ki, istər əmək münasibətlərinin rəsmiləşdirilməsi, istərsə də əməkhaqlarının “ağardılması” nəticəsində əhəmiyyətli şəffaflaşma baş tutdu. Xüsusən də, qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyənlərin sayında artım müşahidə edilməsi o demək oldu ki, islahatlar bəhrəsini verdi. Ümumiyyətlə, dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artmasına gətirib çıxardı. Və özü də, bütün bunlar nəzərdə tutulduğundan və proqnozlaşdırıldığından xeyli əvvəl baş verdi.

Bütün bunlar isə bir daha təsdiq etdi ki, neft gəlirlərinin büdcədə payı yüksək olduğu dövrdə vergitutma sahəsində iqtisadi inkişafı stimullaşdıran, kölgə iqtisadiyyatının qarşısını alan islahatlara getmək şansı daha geniş xarakter daşıyır. Və nə qədər ki, büdcəyə Neft Fondundan transfert imkanı var, bu cür islahatlara getmək lazım və vacib sayılır. Əsas hədəf isə ondan ibarət olmalıdır ki, vergi dərəcələri iqtisadi aktivliyi, kölgə iqtisadiyyatının leqallaşması dərəcəsini stimullaşdırsın və pərdəarxası qazanc əldə etmək istəyinin rüşeym halında da olsa belə, mövcudluğuna zəmin saxlamasın.

Bununla belə, gəlirlərini tam şəkildə şəffaf bəyan etmək istəməyən vergi ödəyicilərinin sayı hələ də az deyil və bu tendensiya təəssüf olsun ki, hər vaxt özünü göstərməkdə davam edəcək. Bəli, vergi islahatları nəticəsində cari ilin ötən dövrü ərzində əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergidaxilolmalarının həcmi qeyd etdiyim kimi əhəmiyyətli şəkildə artıb. Və bu artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib, iqtisadiyyatın ayrı-ayrı sektorlarında “ağarma”nın rolu sayəsində özünü büruzə verib. Cari ilin yanvar-avqust aylarında qeyri-dövlət sektorunda 88 mindən çox əmək müqaviləsi bağlanıb ki, bu, ümumilikdə 112 mindən çox artmış sözügedən müqavilələrinin 78 %-i deməkdir. Ümumiyyətlə, bu ilin birinci yarısı ərzində qeyri-neft sektorundan proqnoz tapşırığa əsasən, 280 milyon manatdan artıq vergi toplanıb ki, bu da tapşırığın 112 % yerinə yetirildiyi deməkdir.

Lakin, ticarət və xidmət sferalarında hələ də üzə çıxarılası vəsaitlər mövcuddur. Vergilər naziri Mikayıl Cabbarovun sözügedən mövzuda bu yaxında verdiyi açıqlama da buna işarə idi. Hansıki bunlar, haqsız rəqabətə və onun genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə gətirib çıxarır. Sözsüz ki, tam şəffavlığa nail olmaq üçün təkrar edirəm, müəyyən vaxt lazımdır. Və bu vaxt ərzində sırf inzibati metodlar işə yarıya bilməz. Belə ki, büdcə-fiskal siyasəti inzibati addımlarla bərabər həyata keçirilməlidir.

Yeri gəlmişkən, düzdür, Azərbaycan hökuməti indiyədək vergi yükünün azaldılması istiqamətində bu və ya digər formada bir çox tədbirlər həyata keçirib, dərəcələri aşağı salıb və ümumən, dövlətin vergi siyasətinin stimullaşdırıcı xarakter daşıması üçün çox işlər görüb. Bununla belə, mövcud vergi siyasətinin iqtisadiyyatın inkişafı üçün stimullaşdırıcı xarakter daşıdığını söyləmək yenə də, hələ tezdir.

Pərviz Heydərov

 



Redaktorun seçimi