Meksika səfiri İqtisadiyyat Nazirliyində olub

41 dəfə oxunub
Meksika səfiri İqtisadiyyat Nazirliyində olub

İqtisadiyyat naziri Şahin Mustafayev Meksikanın Azərbaycandakı Səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşdə Azərbaycan-Meksika iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında ticarət əlaqələri barədə danışan Şahin Mustafayev bildirib ki, son illər iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir. Bununla belə, qarşılıqlı ticarətin genişləndirilməsi üçün hər iki ölkənin imkanları genişdir. İqtisadiyyat naziri işgüzar dairələrinin iştirakı ilə keçirilən biznes forumların, işgüzar görüşlərin təşkilinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib, Meksika şirkətlərini Azərbaycanda keçirilən sərgilərdə iştiraka, azərbaycanlı həmkarları, xüsusilə kiçik və orta biznes subyektləri ilə fəal əməkdaşlığa dəvət edib.

Meksikanın Azərbaycandakı Səfiri Xuan Rodriqo Labardini Flores ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, Meksika-Azərbaycan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, Meksika sahibkarlarının Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Meksika iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri,  iş adamları, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Meksikanın aidiyyəti qurumları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub.



Redaktorun seçimi