Dollar ucuzlaşacaqmı və bu, bizə necə təsir edəcək?

ABŞ Federal Ehtiyat Sistemi (FES) bu ayın 17-də keçirəcəyi növbəti toplantısında baza faiz dərəcəsini çox güman, yenə aşağı salacaq. Bunu adı çəkilən qurumun təxminən 2 ay öncə keçirdiyi sonuncu toplantısında uzun fasilədən sonra kəmiyyət möhkəmləndirməsi siyasətindən əl çəkməsi ilə əlaqədar söyləmək olar.
Belə ki, 30-31 iyul tarixlərində keçirilən sözügedən toplantının yekununda 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsi 0,25 bənd azaldılaraq illik 2-2,25% səviyyəsinə endirildi. Bu da təbii idi. Ona görə ki, ABŞ iqtisadiyyatında inkişaf tempi əvvəlki dinamikada deyil. Üstəgəl, digər ölkələrlə də (xüsusən də, Çinlə) ticari və iqtisadi münasibətlər müsbət vəziyyətdə deyil.
Bəs, dollar ucuzlaşacaqmı? Və yaxud da Amerika valyutası dəyərsizləşməyə başlayarsa bu, bizə hansı prizmadan və necə təsir göstərəcək?
Əvvəla, FES-in sonuncu iclasının nəticəsi olaraq uçot dərəcəsini aşağı salması dollara təsir etmədi. Yəni, sonuncu qərar nəticəsində ABŞ valyutası ucuzlaşmadı. Bu isə çox təhlükəli siqnal oldu.
Sual oluna bilər, niyə?
Məsələ bundadır ki, hər hansı bir Mərkəzi Bank tərəfindən uçot dərəcəsi azaldılırsa bunda məqsəd milli valyutanın dəyərini yumşaltmaqdan ibarətdir. Belə ki, bu yolla yerli istehsal məhsulları ixracını stimullaşdırmaq siyasətinə dəstək verilir. Uçot dərəcəsinin endirilməsinin iqtisadi mahiyyəti məhz, bundan ibarətdir.
FES-in iyul qərarından sonra dolların ucuzlaşmamasını şərtləndirən əsas məqam isə ondan ibarət oldu ki, qlobal iqtisadiyyatda mövcud vəziyyət gərgindir. Belə ki, FES-in də iyulda faiz dərəcəsini aşağı salmaqda məqsədi dolların məzənnəsini yumşaltmaqdan ibarət idisə də, iqtisadi cəhətdən bu, baş vermədi. Səbəb isə son aylarda yalnız FES tərəfindən deyil, həm də başqa bir çox ölkələrin Mərkəzi Bankları tərəfdən də eyni addımın atılması ilə izah olunur. Başqa sözlə desəm, digər ölkələrdə də uçot dərəcəsinin aşağı salınması ABŞ dolların ucuzlaşmasının qarşısını aldı və alır.
Bəs, digər ölkərdə Mərkəzi Banklar dərəcəni niyə və nədən aşağı salır? Səbəb aydındır: qlobal iqtisadiyyatda böhran riski yüksəlir. Belə ki, qlobal iqtisadiyyatda zəifləmə, geriləmə müşahidə edilir ki, hazırda bu özünü əyani şəkildə göstərməsə də, əksər ölkələrin iqtisadiyyatlarında əvvəlki "böyümə sürətinin" aradan qalxdığı aydın görünür. Bu da onu göstərir ki, bəzi ölkələrdə böhran alovu qızışır və 2008-ci ildə olduğu kimi demək olar, bir şok hadisə kifayətdir ki, maliyyə sistemlərində çöküş baş versin.
İqtisadi artım templərində zəifləmə ABŞ, Çin, Avropa Birliyi kimi böyük iqtisadi mərkəzlərdə də müşahidə edilir. Ümumiyyətlə, Cənubi Amerikanın böyük bir hissəsində, Avropa, Asiya və Yaxın Şərqdə istehsal sahələrində dərin struktur böhranı müşahidə edilir ki, ona görə də dünyanın bütün mərkəzi banklarında təşviş hökm sürür. Və bu üzdən də bütün banklar faktiki olaraq eyni siyasət yürüdürlər. Təkcə avqustda dünyanın 37 ölkəsinin mərkəzi bankı uçot dərəcəsini 14 dəfə aşağı salıb. Bu, FES-in sonuncu qərarından sonra baş verən azaldılmalardır. Bir sıra ölkələr isə hələ FES-dən əvvəl uçot dərəcəsini endirməyə başlayıblar.
Yeri gəlmişkən Avropa Mərkəzi Bankı da uçot dərəcəsini endirməyə start verir. Belə ki, müşahidələr deməyə əsas verir ki, Avropa Mərkəzi Bankı vəziyyəti nəzərə alaraq 2008-2009-cu illərdəki qlobal maliyyə və iqtisadi böhrandan əvvəlki siyasətinə dönüş edəcək.
Ona görə də, kəmiyyət yumşaldılmasına qayıdış kimi xarakterizə olunan yuxarıda qeyd etdiyim kimi, başda ABŞ olmaqla dünya ölkələrinin son aylardakı faiz siyasətində atılan sözügedən addımlar səmərə vermir və uçot dərəcəsinin aşağı salınması əvvəlki effekt təsiri bağışlamır.
Bu isə təkrar edirəm, təhlükəli amil sayılır.
O baxımdan ki, demək, böhranın kəskin şəkildə üzə çıxa biləcəyi belə görünür, an məsələsidir. Çünki, dünya iqtisadiyyatında rəqabət kəskinləşib və ABŞ-la Çin arasında olan ticarət anlaşılmazlığı qlobal iqtisadiyyatı silkələyir. Əgər, iki nəhəng ölkə arasında razılıq əldə olunmasa, uçot dərəcəsinin endirilməsi bundan sonra da səmərə verməyəcək.
ABŞ-la Çin arasında ticarət anlaşılmazlığından söz düşmüşkən bir məqama da toxunum ki, sonuncu tərəf iqtisadiyyatındakı nisbi dayanıqlıq səbəbindən Vaşinqtona heç də güzəştə getmək niyyətində deyil. Hər şey gələn ayın, yəni oktyabrın əvvəllərində hər iki ölkə məmurlarının ABŞ paytaxtında keçirəcəkləri görüşdən asılı olacaq.
İş ondadır ki, Çin iqtisadiyyatında bayaq qeyd etdiyim dayanıqlıq onun bilavasitə ticarət tərəfdaşlarının və o cümlədən, daxildə stimulverici amillərinin sayının çox olması ilə əlaqədardır. Bunun da əsas səbəblərindən birini Pekinin iqtisadiyyatı ilə bağlı bir sıra məsələləri, xüsusən də yüksələn borc öhdəliyi problemini hələ ticarət müharibəsi start götürməmişdən öncə keçən il həll etməsi təşkil edir.
Yeri gəlmişkən, FES-n hələ öz təhlilinə əsasən, sözügedən 2 ölkə arasındakı ticarət anlaşılmazlığı gələn ilin əvvəlinə dünya iqtisadiyyatı üçün nə az, nə çox 850 milyard dollar itirməsi ilə nəticələnəcək.
Sözün qısası, FES-in sentyabr qərarının necə olacağından asılı olmayaraq dollar yenə ucuzlaşmayacaq və məzənnə təxminən indiki səviyyəyə yaxın təşkil edəcək. Digər tərəfdən, ABŞ dolları lap ucuzlaşmağa başlasa belə bu, neftin qiymətini qaldıracaq. Və yaxud da ən azı "qara qızılı" dünya iqtisadiyyatının tələbinə rəğmən, kəskin şəkildə ucuzlaşmağa qoymayacaq.
Bu isə bilavasitə Azərbaycan kimi ölkələrin iqtisadiyyatları üçün xeyirdir. çünki Amerika valyutasının möhkəmlənməsi və yaxud ucuzlaşmasının bizə başqa prizmadan heç bir təsiri yoxdur.
Pərviz Heydərov


