Yanacaq bahalaşa bilərmi?

Hit: 491
Yanacaq bahalaşa bilərmi?

  Məlum olduğu kimi, Baş nazir tərəfindən ötən ayın sonunda imzalanan uyğun qərara əsasən, Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalına tədbiq olunan müvafiq gömrük rüsumları sentyabrın 1-dən etibarən, 90 gün müddətinə aradan götürülüb. Bu qərarın qiymətlərin bahalaşmasının qarşısını almaq üçün verildiyi və adları çəkilən yanacaq növlərinin pərakəndə satış dəyərini sabit saxlamaq məqsədi daşıdığı kifayət qədər aydındır. Belə ki, əgər, bir mal və ya məhsulun ölkəyə idxalına mövcud gömrük rüsumu ortadan qaldırılırsa başqa hədəf ola bilməz. Aİ-95 markalı benzin ümumiyyətlə, kənardan gətirilirdi, yəni daxildə istehsal olunmurdu, Aİ-92-ə gəldikdə isə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) təmirdə, başqa sözlə desəm, yeniləşdirmə və ya modernləşdirmədə olduğundan həm faktiki istehsal dayanıb, həm də mövcud ehtiyatlar azalır.

         Yəni, Aİ-95 bir yana qalsın, Aİ-92 üzrə də real olaraq idxalsız keçinmək mümkün deyil. Və bu, getdikcə dayanıqlı hal almaqdadır. Bütün bunların fonunda isə ölkədə Aİ-92 və Aİ-95 markalı benzinlərə tələb təbii olaraq artmaqdadır. Çünki həm ölkəyə avtomobil idxalı genişlənir, həm də ümumiyyətlə, əhalinin gəlirləri yüksəldikcə nəqliyyat vasitələrindən istifadə artır. Yəni ki, bu, elə bir tendensiyadır ki, əslində həmişə yüksələn dinamika üzrə inkişaf edir və etməlidir də. Başqa sözlə desəm, iqtisadi artım olan ölkədə yanacağa tələbin genişlənməsi qarşısıalınmaz bir prosesdir.

         Sözüm bunda deyil. Hələ, 2014-cü ildə yazdığım şərhdə qeyd etmişdim ki, Azərbaycan bu gün nə qədər çox təmiz neftə və emaledici infrastruktura sahib olsa da, istehsal etdiyi yanacağın keyfiyyəti Avropada ən yüksək standart sayılan “Avro-5” və “Avro-6”-dan 3 dəfə geri qalır. Və bizim həmin bu standartlara çatmağımıza 2023-cü ilə kimi - Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksi fəaliyyətə başlayana qədər vaxt lazımdır. Əvvəl isə qeyd olunurdu ki, Azərbaycanda “Avro-5” standartına uyğun benzin 2018-ci ildə istehsal ediləcək. Belə ki, Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədini Heydər Əliyev adına BNEZ-də ildə 3 milyon ton dizel, 3,4 milyon ton benzin, 350 min ton bitum, 100 min ton isə maye qaz istehsal etmək üçün 2030-cu ilədək 7,5 milyon ton neft emalı prosesini təmin etmək təşkil edirdi ki, bu, həm daxili tələbatı ödəməyə imkan verməli idi, həm də az da olsa ixraca yol açacaqdı. Buna çatmaq üçün isə 42-48 ay vaxt tələb olunduğu deyilmişdi.

         Ancaq 2018-ci il yuxarıda qeyd etdiyim kimi sonra 2023-cü il, daha sonra isə 2030-cu il olaraq göstərildi.

         Maraqlıdır ki, eyni vəziyyət hələ də təkrar olunur. Yəni, BNEZ-də aparılan yenidənqurma və modernləşdirmə işlərinin hər dəfə bir vaxt başa çatacağı deyilir. Son olaraq isə, mərhələli şəkildə həyata keçirilən layihənin 2024-cü ilin sonu – 2025-ci ildə başa çatdırmaq nəzərdə tutulduğu bildirildi. Bir az əvvəl isə bu rəqəm də 2021-ci ilin sonunadək deyilmişdi. Səbəb də göstərilir ki, layihədə mövcud qurğuların yenidən qurulması üzrə işlərlə bağlı dəyişikliklər olub. Belə ki, əvvəl 6 qurğunun yenidən qurulması nəzərdə tutulurdusa, sonradan İspaniyanın “Tecnicas Reunidas” (TR) şirkətinin keçirdiyi texniki auditin nəticələrinin təhlili nəticəsində yenidən qurulmalı olan bu qurğuların daha pis vəziyyətdə olduğu və yenidənqurma işlərinin yeni qurğuların tikintisi dəyərinə bərabər olacağı aşkar və müəyyən edilib.

         Üstəlik, bu halda qurğuların planlaşdırılan 2 ay ərzində deyil, 15-18 aylıq müddətə dayandırılmasına zərurət yarana bilərdi ki, bu da ölkəyə böyük həcmdə avtomobil benzini, dizel yanacağı, təyyarə yanacağı və “Azərkimya” İstehsalat Birliyinin zavodları üçün xammalın idxal edilməsinə və böyük xərclərə səbəb yol aça bilərdi.

         Yeri gəlmişkən, hazırda illik emal gücü 6 milyon ton təşkil edən BNEZ-də 6 işlək qurğu var ki, bunlar ELOU-AVT, katalitik krekinq, katalitik riforminq, naftanın hidrotəmizlənməsi, vakuum qazoylun hidrotəmizlənməsi və kokslaşdırma qurğularıdır. Modernləşdirmə və yenidənqurma nəticəsində 2021-ci ildə BNEZ-dəki qurğuların sayı 17-ə, 2025-ci ildə isə 24-ə çatacaq. Ümumiyyətlə, 2025-ci ildə BNEZ-in illik emal gücü 7,5 milyon ton təşkil edəcək. Özü də bütün bu işlərə nə az, nə çox 2,2 milyard ABŞ dolları məbləğində vəsait xərclənəcək. Hətta daha çox...

         Sual yaranır, bəs, görəsən həmin vaxtadək ölkədə tələbat artmayacaqmı? Təbii ki, artacaaq. Ümumiyyətlə, sözügedən sahədə perespektivdə bizi nə gözləyir?

         Hesab edirəm ki, əvvəla, Heydər Əliyev adına BNEZ tam gücü ilə işə düşsə də belə, hər iki markada benzin həm də kənardan idxal olunacaq. Bunu, yuxarıda qeyd etdiklərimə əsasən bazar diqtə edir.

         İkincisi, bu sahədə qiymətləri gömrük rüsumlarını və yaxud aksiz vergi dərəcəsini minimuma endirməklə uzunmüddət sabit saxlamaq mümkün deyil. Belə ki, qiymətlərin nə vaxtsa bahalaşacağı qaçılmaz sayılır. Üçüncüsü isə, hökumət bu sahədə ümumiyyətlə, qiymətləri idarəetmə və ya ona təsir etmə, o cümlədən tənzimləmə mexanizmini fikrimcə, dəyişdirsə yaxşıdır.

         Belə ki, idxal qaydalarını aşağı və yuxarı doğru "oynatmaqla" sözügedən sahədə bazarı keyfiyyətli şəkildə nəzarətdə saxlamaq bu gün üçün təsirli əhəmiyyət kəsb etsə də, sabahkı gündə effektsiz xarakter daşıdığını göstərə bilər. Buna əyani misal və yaxud sübut ondan ibarətdir ki, Aİ-95 markalı benzinin qiyməti artıq, xeyli müddətdir sərbəst bazar qanunları ilə tənzimlənsə də qiymət ancaq yuxarı doğru inkişaf edib.

         Sual olunur: nədən onun qiyməti bu günədək 0,25 qəpik də varsa bir dəfə də olsun ucuzlaşmayıb?! Yəni, belə bir hala rast gəlinməyib, Aİ-95 mərhələlərlə bahalaşaraq bu gün 1,50 azn qiymətə satılır. Demək, yenə də bahalaşmağa doğru meyillidir ki, Aİ-95 üzrə idxal gömrük rüsumu da 90 günlük müddətinə aradan götürülür...

         Məntiqlə elə deyilmi?

Pərviz Heydərov

 









Redaktorun seçimi