İİTKM ilə Beynəlxalq Bank arasında birgə əməkdaşlığa dair görüş keçirilib

Hit: 421
İİTKM ilə Beynəlxalq Bank arasında birgə əməkdaşlığa dair görüş keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında birgə əməkdaşlığa dair görüş keçirilib.

Görüşdə Azexport.az, EnterpriseAzerbaijan, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı ilə Beynəlxalq Bank arasında mövcud ola biləcək birgə əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisadi elmləri doktoru Vüsal Qasımlı bildirib ki, əməkdaşlıq təklifinin əsas məqsədi ölkədə qeyri-neft sektorunun, rəqəmsal iqtisadiyyatın və ixrac biznesinin inkişafına dəstəkdir.

Müzakirələr zamanı Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli portalın təklif etdiyi elektron imkanların rəqəmsal iqtisadiyyatın inkişafındakı rolu və dünyada ilk dəfə olaraq Azərbaycanın qeyri-rezidentlərə m-rezidentlik təqdim etməsi barədə ətraflı danışıb.

Görüş ərəfəsində Azexport.az portalının və Azərbaycan Beynəlxalq Bankının birgə əməkdaşlığı çərçivəsində Made in Azerbaijan məhsullarının dünyanın bir çox ölkələrinə ixracı zamanı ixracatçı şirkətlərə bankın faktorinq, akkreditiv, ixrac sığortası və digər maliyyə xidmətlərinin təklif olunması müzakirə olunub.

Həmçinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin digər layihəsi olan EnterpriseAzerbaijan portalının meneceri Oruc Dursunzadə isə portalın kiçik və orta sahibkarlığın inkişafına verdiyi təkanı xüsusi qeyd edib.

Daha sonra, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin ixracatçı sahibkarlara yaratdığı geniş imkanlardan danışılıb.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov Mərkəzin həyata keçirdiyi layihələrin ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb, Beynəlxalq Bank ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında yaxın gələcəkdə əməkdaşlığın baş tutacağını vurğulayıb.









Redaktorun seçimi