Respublika Komissiyası fermerlərə 23 milyondan artıq subsidiya verilməsinə dair qərar qəbul edib

Hit: 227
Respublika Komissiyası fermerlərə 23 milyondan artıq subsidiya verilməsinə dair qərar qəbul edib
Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
 
İclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə  dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə  əlavə 40 manat məbləğində yardımın verilməsi və barama istehsalçılarına emal müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.
 
Respublika Komissiyası 28 rayon (şəhər) üzrə 105246 istehsalçıya 306261,11 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 21112973,1 manat məbləğində və bundan əlavə 29 rayon (şəhər) üzrə 3443 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 406898,45 kiloqram yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2034492,25 manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.   
 
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət  Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.








Redaktorun seçimi