Sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursunda olub

Hit: 335
Sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursunda olub

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkar və menecerlərin Almaniyada növbəti ixtisasartırma kursu başa çatıb.

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 18 sahibkar və menecer 11 iyun - 6 iyul tarixlərində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlimlərdə, müvafiq müəssisələrdə istehsalat təcrübəsində iştirak ediblər.

Kurs müddətində sahibkar və menecerlər istehsal müəssisələrində olub, turizm, İKT və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərdə işgüzar görüşlər keçiriblər.

Təlim müddətində həmçinin, hər iki ölkənin adət-ənənələri ilə tanışlıq məqsədilə mədəni tədbirlər təşkil olunub, Azərbaycanın qədim tarixini, mədəniyyətini əks etdirən əl işləri və yerli məhsullarımız nümayiş olunub.

Qeyd edək ki, indiyədək 419 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.









Redaktorun seçimi