AMB uçot dərəcəsini endirib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqda qərar qəbul edib.
Faktor.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul edilib.
Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcək.
Bu qərar 7 iyun 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-cu il iyulun 26-da ictimaiyyətə təqdim ediləcək.


