Azərbaycan neft tədarükündə Belarusa kömək etməyə hazırdır

Hit: 445
Azərbaycan neft tədarükündə Belarusa kömək etməyə hazırdır

Belarus tərəfi müraciət edərsə Azərbaycan neft tədarükü ilə bağlı kömək edə bilər. Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov BELTA-nın müxbiri ilə söhbəti zamanı bu fikirləri səsləndirib.

Azərbaycan neftinin Belarusa tədarükü ilə bağlı sualı cavablandıran səfir bunun üçün bir maneə görmədiyini söyləyib:

“Bizim xalqlarımız çətin günlərdə həmişə bir-birlərini dəstəkləyiblər. Bu bizi birləşdirir. Biz hər zaman bir birimizə dayaq olmuşuq. Lazım gələrsə, Azərbaycan öz qardaşlıq borcunu yerinə yetirəcək. Şübhəm yoxdur ki, dövlət başçıları bu məsələylə əlaqədar ümumi dil tapacaqlar”.

 

Bununla belə, səfir Azərbaycandan Belarusa neft tədarükünün çətinliklərinin də olduğunu, enerji resurslarının bahalaşmadan nəqlini təmin edəcək optimal yolların axtarılmasının vacibliyini söyləyib.

“Bu məsələdə neftin nəqli marşrutundan başqa qaranlıq məsələ yoxdur, məhz bu Azərbaycan neftinin qiymətinə təsir göstərir. Məncə Qara Dəniz limanı vasitəsi ilə neft nəqli mümkündür”,- deyə səfir əlavə edib.

Qeyd edək ki, Belarus bundan əvvəl Rusiya neftinin keyfiyyətinin aşağı düşməsi səbəbindən Baltikyanı ölkələrə, Polşa və Ukraynaya neft məhsullarının ixracını dayandırıb.









Redaktorun seçimi