Avtomobil idxalına verginin artması səmərəli olacaqmı?

184 dəfə oxunub
Avtomobil idxalına verginin artması səmərəli olacaqmı?

Yeni ilin yanvarın 1-dən tədbiq ediləcək bir sıra vergi dəyişikliklərinin həm stimullaşdırıcı, həm də dövlət büdcəsinə gəlirləri artırmaq məqsədi daşıdığı məlumdur. Düzdür, bunları eyni vaxtda bir arada tutmaq çox çətin vəzifədir. Ancaq 2019-cu ildə həyata keçəcək vergi dəyişiklikləri siyasətində buna nail olmaq istəyi özünü daha qabarıq büruzə verir desəm, yanılmaram.

Düzdür, stimullaşdırıcı siyasət özü də vergi bazasını genişləndirməyə xidmət edir. Ancaq bu, ilkin olaraq, gəlirlərin azalması ilə nəticələnir. Vergi bazasının genişlənməsi yalnız, bundan sonra baş verir. Bu da, tədricən...

Odur ki, müvafiq güzəştlərlə xarakterizə olunan kəskin stimullaşdırıcı addımlar və həyata keçirilən tədbirlər çox vaxt istər-istəməz digər istiqamətdə vergi dərəcələrini artırmağı və yaxud da vergi növü üzrə bazanı genişləndirməyi zərurətə çevirir. Buna misal olaraq, gələn il xüsusən, bir sıra məhsullar üzrə aksiz vergisi dərəcələrinin, həmçinin aksiz vergisinə cəlb edilən malların sıyahısının artırılacağını misal göstərmək olar.

Bəri başdan qeyd edim ki, tədbiq olunacaq dəyişiklər siyahısında stimullaşdırıcı xaralkter daşıyan tədbirlər heç bir mübahisə doğurmasa da, büdcəyə gəlirləri artırmaq məqsədi daşıyan məhz bir sıra məhsullar üzrə aksiz vergisi dərəcələrinin yüksəldiləcəyi faktı səmərəlilik baxımından müəyyən suallar yaradır.

Söhbət, ölkəyə idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz vergisi dərəcələrinin artılacağından gedir.

2019-cu ildən ölkəyə gətirilən minik avtomobilləri üzrə mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda: mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0, 20 manat), 3 000 kubsantimetrədək olduqda: 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat), 4 000kubsantimetrədək olduqda: 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat), 5 000 kubsantimetrədək olduqda: 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat), 5 000 kubsantimetrdən çox olduqda: 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Bütün bunlar isə o deməkdir ki, xarici istehsala məxsus avtomobillərin daxili satış qiymətlərində növbəti bahalaşma baş verəcək.

Ümumiyyətlə, hökumət tərəfindən anoloji addım indiyədək bir neçə dəfə atılıb. Həmin dəyişikliklər də ölkədə avtomobillərin qiymətini bahalaşdırmışdı. Belə görünür, bu siyasət hökumət tərəfindən növbəti dəfə davam etdirilir ki, bu dəfə də aksiz vergi dərəcələrində nəzərdə tutulan artım avtomobil bazarında qiymətləri təkrar edirəm, qaldıracaq.

Əvvəlki hallarda yazmışdım ki, bu siyasət 2 məqsəd daşıyır: avtomobillərin ölkəyə idxalını məhdudlaşdırmaq, dövlət büdcəsinin daxilolmaları artırmaq. Yeri gəlmişkən, idxalı məhdudlaşdırmaq məqsədi ilə bir neçə il əvvəl minik avtomobillərinin istehsal tarixi üzrə də qadağalar qoyulmuşdu.

Sözüm bunda deyil. Ümumiyyətlə dönüb arxaya baxdıqda, vergi sahəsində güzəştlər tədbiq edildiyi illərin hər birində, dövlət büdcəsinin mədaxili üzrə buna görə yarana bilinəcək itkiləri kompensasiya etmək məqsədilə avtomobillərin idxalına tədbiq edilən aksiz vergisi dərəcələri həmişə artırılıb.

Odur ki, gələn il ölkəyə avtomobil idxalına tədbiq edilən aksiz vergisi dərəcələrinin sözügedən artımı mexanizmi fikrimcə, qeyri-səmərəli nəticə də verə bilər. Və bu tədbir birincisi, ölkəyə təzə avtomobillər gətirilməsini daha da azaldacaq. İkincisi, dövlət büdcəsinə bundan gəlirlər artmayaraq, ehtimal ki, minimuma enəcək. Üçüncüsü, ölkədə əhali arasında sosial ayrı-seçkilik də dərinləşəcək. Dördüncüsü, ölkədə bu qədər gözəl və rahat avtomobil yollarının salınmasının da yerli istifadəçilər tərəfdən istismar əhəmiyyəti azalacaq. Beşincisi, zaman keçdikcə, ölkə ucuz və keyfiyyətsiz avtomobillərin məskəninə çevrilə bilər. Altıncısı, bu addımla yerli avtomobil istehsalını artırmaq istəyi nəyinki baş tuta bilər, əksinə, daha da qeyri-stimul xarakter daşıyacaq.

Əlbəttə, bütün bunlar şəxsi gözləntilərimdir. Hesab edirəm ki, aksiz vergisi üzrə mövcud bazanın genişləndirilməsi, yəni, məsələn, energetik içkilərin də aksiz malları siyahısına daxil edilməsi kimi tədbirlər bundan daha effektli və zəruridir. Ancaq ölkədə anoloji istehsalı olmayan mal və məhsullara tədbiq olunan aksiz vergisi dərəcələrinin ardıcıl yüksəldilməsi isə eyni dərəcədə məqsədə müvafiq deyil.

Ümumiyyətlə, unutmaq lazım deyil ki, yerli istehsalı stimullaşdırmaq və yaxud daxili bazarı qorumaq, o cümlədən də dövlət büdcəsinə gəlirləri artırmaq məqsədilə ölkəyə bahalı məhsulların idxalını məhdudlaşdırmırlar, əksinə real rəqabət şəraiti yaratmaq üçün onu liberallaşdırma siyasəti yürüdürlər. Çünki bu özü də, əhalinin imkanlı təbəqəsinin gəlirlərini üzə çıxartmaq üsullarından biri xarakteri daşıyır...

Düzdür, növbəti ildə dövlət büdcəsində aksiz vergisi üzrə daxilolmalar cari ildəki ilə müqayisədə artıq olacaq. Belə ki, 602,0 milyon manat nəzərdə tutulur ki, bu da başa çatmaqda olan 2018-ci ilin proqnozuna görə 48,0 milyon manat və ya 8,7 % çoxdur. Qeyd olunan məbləğin 83,4 %-i (502,0 milyon manatı) neft, 16,6 %-i (100,0 milyon manatı) isə qeyri-neft sektorunun payına düşəcək. Qeyri-neft sektoru aksiz vergisi 2018-ci ilin proqnozu ilə müqayisədə 2,2 dəfə və ya 54,0 milyon manat çoxdur.

Aksiz müəyyən qrup malların qiymətlərinə daxil edilən dolayı vergi növüdür. Aksiz vergisi yüksəkrentabelli məhsullardan əldə olunan mənfəəti büdcəyə cəlb etmək məqsədi daşıyır. Bu cür vergi növlərinin dərəcələrinə dair siyasətdə qısamüddətli deyil, strateji yanaşma tələb olunur.

Pərviz Heydərov

Faktor.az

 



Redaktorun seçimi