Nefti ucuzlaşdıran səbəb - Siyasi amil qısa effektlidir

162 dəfə oxunub
Nefti ucuzlaşdıran səbəb - Siyasi amil  qısa effektlidir

Maraqlıdır ki, neftin dünya bazar qiymətləri nə qədər dəyişkən xarakter daşısa da və bu, istər yaxın, istərsə uzaq keçmişdə, istərsə də demək olar, hər il ərzində kifayət qədər yaxşı sübuta yetsə də, buna nə dövlət və hökumətlər, nə müxtəlif beynəlxalq qurumlar, nə də ekspertlər səviyyəsində müvafiq adaptasiya yaranmayıb. Başqa sözlə desəm, bu sahədə nəyinki 1 il, hətta 1 ay sonra da belə vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkün olmadığı halda nədən, bəzən hədsiz arxayınçılıq, hərdən isə ajiotaj yarandığı, aydın deyil. Çünki neft bazarında qiymətləri təkcə, iqtisadi amillər müəyyən etmədiyi dəfələrlə sübuta yetibb. Təkcə onu misal çəkim ki, adi hər hansı bir orta səviyyəli neft hasilatçısı olan ölkənin hökumət nümayəndəsi sözügedən mövzuda kiçik bir bəyanat və yaxud açıqlama verərsə, dərhal qiymətlərə təsir göstərir. Buna dair çoxlu sayda faktlar mövcuddur. Ancaq təəssüf ki, dərs olmur.

Elə, ötən həftənin sonunda Brent markalı neftin qiymətinin 58 ABŞ dollarına qədər ucuzlaşması da, eyni tendensiya nümayiş etdirdi. Yəni, bununla əlaqədar, yenə ortaya lazımsız ajiotaj çıxdı. Halbuki, son 3-4 il ərzində neft bazarında ümumiyyətlə, dayanıqlı sabitlik hökm sürməyib. Düzdür, keçən ildən, yəni 2017-ci ilin əvvəlindən ucuzlaşma dayandı, qiymətlər 50 dolların üstündə möhkəmləndi.

Ancaq kim deyə bilərdi, neft 80 dollardan yuxarıya qalxacaq? Cari il ərzində bu da baş verdi. Keçən ayın, yəni oktyabr ayının əvvəlində... Və istər-istəməz, daha yüksək rəqəmlərin qeydə alınacağı haqda proqnozlar irəli sürülməyə başlandı. Yəni, birdən-birə cəmi 1-2 il əvvəl baş verənlər unuduldu. Keçən cümə qiymətin 58 dollara düşməsi isə, bütün söylənilənləri alt-üst etdi və yenicə formalaşmış nikbinliyi kəskin bədbinliklə əvəz etdi.

Bəs, əslində, baş verənlər nəylə izah oluna olar? Neftin dünya bazar qiymətləri yenə kəskin ucuzlaşa bilərmi? Ümumiyyətlə, dünya bazarlarında bu sahədə vəziyyət necədir? Başqa sözlə, bizi nə gözləyir?

Bəli, qiymətlər ona görə endi ki, bazarda təklif tələbatdan çoxdur. Dəqiq desəm, Brent markalı neftin son 2 ayda birdən-birə 30 % enməsi, yəni oktyabrın başlanğıcındakı son 4 ildəki maksimum səviyyə sayılan 1 barelə görə 86,74 dollar həddindən ötən cümə 58,41 dollaradək ucuzlaşması faktı məhz, bazarda təklifin artması nəticəsi idi. Ancaq sual olunur ki, 2 ay ərzində birdən-birənə nə baş verdi ki, təklif tələbi belə üstələdi ?.. Səbəb və ya səbəbkar nə və ya kim oldu?

Sözsüz ki, yenə siyasi səbəb və Səudiyyə Ərəbistanı idi...

Səudiyyə Ərəbistanı oktyabrda sutkada 10,8-10,9 milyon barel neft hasil edib. Bu ay ərzində, yəni başa çatmaqda olan noyabr ərzində isə, hələ tam təsdiqlənməmiş məlumata görə, qeyd olunan rəqəm 11,1-11,3 milyon barelə yüksəlib. Hətta belə məlumatlar da vardır ki, Ər-Riyad bazarlara hasil etdiyindən əlavə olaraq da neft çıxarıb. Daxili və xarici ehtiyatları hesabına...

Halbuki, adı çəkilən ölkə öz baş müttəfiqi ABŞ tərəfindən bir müddət əvvəl açıq tənqid olunurdu. Hasilatı basqı altında saxladığına görə... Belə ki, yayda ABŞ prezidenti Donald Tramp bu barədə açıq narazılıq etmişdi. Və OPEC-i buna görə günahlandırmışdı. OPEC-də isə əsas söz sahibi Ər-Riyaddır.

Sual yaranır ki, bəs, Səudiyyə tərəfi onda hasilatı niyə artırmırdı? Nə baş verdi birdən-birə?

Yeri gəlmişkən, xatırladım ki, həmin zaman yazmışdım ki, dünya neft bazarında qiymətlərə təsir imkanlarında rəqabət kəskinləşib və belə görünür ki, Vaşinqton əvvəlkitək diqtə imkanına malik deyil.

Düzdür, qiymətlərin son ucuzlaşmasında ABŞ-da hasilatın artmasının, İrana sanksiyaların qüvvəyə minməsinin, Çin iqtisadiyyatında növbəti dəfə "axsama" başlanmasının, o cümlədən Almaniyada və Avropa Birliyi ölkələrində iqtisadi artımın zəifləməsinin də rolu vardır. Lakin əsas səbəbkar Səudiyyə Ərəbistanıdır. Təsadüfi deyil ki, Tramp da son qiymət enişinə görə Ər-Riyada təşəkkür etdi.

Odur ki, bütün bu söylədiklərimə əsasən, qənaətimi açıq ifadə edirəm ki, oktyabrın əvvəlində Türkiyədə törədilən jurnalist Kaşıkçı faciəsi belə görünür, Ər-Riyadı yola gətirmək üçün, Vaşinqtonun əlində "əla vasitə"yə çevrilib. Başqa sözlə desəm, Şahzadə Məhəmməd bin Salman Əl Səuda "diqtə" üçün bundan başqa alternativ yol belə çıxır ki, tapılmadı...

Ona görə də təkrar qeyd edirəm ki, neft nə qədər ucuzlaşası olsa da belə, əslində, sırf siyasi səbəbə görə, 55 dollardan aşağı düşəsi deyil. Çünki bu, ən iri neft hasilatçısı olan ölkələr üçün də sərfəli deyil. Ola bilsin ki, müəyyən zaman çərçivəsində bunun şahidi olaq. Amma 2016-cı ilin əvvəlindəki kimi qiymətlərin hətta 40 dollardan da aşağı düşəcəyi inandırıcı deyil. Xatırladım ki, qeyd etdiyim vaxtda neftin 1 barelinin qiyməti bir ara 40 dollardan aşağı düşdüsə də, bu, çox qısa davam etdi.

O ki qaldı Azərbaycan büdcəsinə, növbəti ilin dövlət büdcəsində qiymətin 50 dollardan yuxarı götürülməsi riskdir. Düzdür, ölkəmiz üçün neftin dünya bazar qiymətlərinin 40 dollaradək düşməsi makroiqtisadi sabitlik üçün təhlükəli deyil. Ancaq, bundan aşağı düşərsə, o zaman təbii ki, manatın məzənnəsini saxlamaq mümkün olmayacaq. Belə bir ehtimalsa, təkrar edirəm, yoxdur.

Sözün qısası, bütün bu söhbətlər bir daha göstərir ki, neftin qiymətinə bel bağlamaq olmaz və bu, təhlükəlidir. Sabah dünya iqtisadiyyatı çökərsə, o zaman qiymətlərin nəyinki 40, hətta 30 dollaradək və bundan da aşağı düşəcəyi qaçılmazdır. Çünki siyasi səbəblər qısa effektlidir. Amma möhkəm özüllü iqtisadi səbəblər, kəskin şoklar vasitəsilə böyük "faciə" törədə bilər...

Odur ki, ölkəmizdə normal iqtisadiyyatın qurulması vacib məsələdir.

Pərviz Heydərov

Faktor.az

 



Redaktorun seçimi