Hasilat sənayesində şəffaflıq müzakirə edildi

Hit: 459
Hasilat sənayesində şəffaflıq müzakirə edildi

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi çərçivəsində 14 avqust 2018-ci il tarixində “Bakı-Xəbər” qəzetinin redaksiyasında növbəti ictimai müzakirəsini keçirib.

Layihə barədə məlumat verən “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin sədri Ruslan Xəlilov bildirib ki, “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi 4 ay davam edib. Layihə çərçivəsində hasilat sənayesi üzrə araşdırma yazılar, müsahibələr hazırlanıb. Azərbaycan dövlətinin hasilat sənayesndə şəffaflıq sahəsində gördüyü işlər tədqiq olunaraq ictimaiyyətə çatdırılıb.
Hazırlanan yazılar bir neçə elektron informasiya resursunda dərc edilib və sosil şəbəkələrdə paylaşılıb. Həmçinin Feysbuk və İnstaqram sosial şəbəkəsində HSŞ-la bağlı səhifələr yaradılıb. Səhifələr moderator tərəfindən idarə olunur. Media nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın üzvlərilə görüş təşkil edilib. Mövzu ilə bağlı İnternet televiziyasında debatlar təşkil edilib. Layihə müddətində ictimai müzakirələr keçirilib. Yekunda isə təkliflər hazırlanacaq və mətbu orqanlarda nəşr olunacaqdır.

R.Xəlilov bildirib ki, "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" ideyasını ilk dəfə 2002-ci ildə Yohannesburqda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer irəli sürüb. Bu təşəbbüsün məqsədi Mədən Sənayesindən gələn gəlirlərin dayanıqlı inkişafa və yoxsulluğun aradan qaldırılmasına yönəltməkdir. 2004- cü ilin noyabrın 24-də "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri, yerli və xarici neft şirkətlərinin, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar. Ötən dövr ərzində Azərbaycanda şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilib.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb.

Bütün bunlara baxmayaraq, təəssüf ki, Azərbaycana qarşı qərəzli münasibət hasilat sənayesi üzrə beynəlxalq təşkilatlarda da özünü göstərib. Bütün bunlara görə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının üzvlüyündən imtina edərək prezidentin 05 aprel 2017-ci il tarixli fərmanı əsasında özünün Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasını təsis edib.

Layihənin eksperti, “Güzaran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli bildirib ki, təbii sərvətlərdən səmərəli istifadə, xüsusilə də, Azərbaycanın dövlət büdcəsində xüsusi payı olan neft gəlirlərinin rasional istifadəsi, ədalətli bölüşdürülməsi olduqca vacibdir: “Biz yeraltı təbii sərvətlərlə zəngin olan bir sıra ölkələrin təcrübəsində neft-qaz gəlirlərinin düzgün xərclənməməsi fonunda yaranan iqtisadi böhranların, geriləmələrin şahidi olmuşuq. Neft-qaz gəlirlərinin uzunmüddətli istifadəsi sahəsində strateji menecment rasional səviyyədə olmalıdır.

Karbohidrogen gəlirlərinin rasional idarəsi nəticəsində yoxsulluğu azaltmaq mümkündür. Hazırda bizi narahat edən məsələlərdən biri neft gəlirlərindən gələcək nəsillər üçün nəzərdə tutulan proqramlara xərcləmələrin olmamasıdır. Bir neçə gün öncə Dövlət Neft Fondu bu il ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından əldə olunan gəlirlərini açıqlayıb.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, Azəri-Çıraq-Günəşli yatağından bu il avqustun 1-dək 5 621 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışı üzrə bu il avqustun 1-dək 94 mln. ABŞ dolları gəlir əldə olunub”.

Q.İbrahimli hesab edir ki, mədən sənayesindən əldə olunan gəlirlərin düzgün istifadəsi üçün bu sahəyə vətəndaş cəmiyyətinin nəzarəti olduqca vacibdir: “Hasilat sənayesində şəffaflığın artırılması üçün keçirilən bu cür tədbirlər dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə fayda verir. Hesab edirəm ki, gələcəkdə bu kimi kampaniyaları daha da genişləndirmək lazımdır”.

“Azinform.az” saytının baş redaktoru Məhəmmədəli Qəribli Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin mətbuata açıq olmasının vacibliyindən danışdı. O, bildirdi ki, neft şirkətləri dövlətə ödədikləri vəsaitlər barədə Dövlət Neft Fondu vasitəsilə ictimaiyyətə məlumat versələr də, birbaşa mətbuata məlumat vermirlər. Hasilat sənayesində şəffaflığın təmin edilməsində mətbuatın üzərinə böyük yük düşür. Təəssüf ki, bu sahədə bizim imkanlarımızdan geniş istifadə olunmur. Jurnalistləri, mətbuatı bu prosesə cəlb etmək lazımdır”.

“Yeni Həyat – İqtisadi İnkişaf” İctimai Birliyinin sədri Ədil Ədilzadə hasilat sənayesində şəffaflığın təmin edilməsində sosial şəbəkələrin rolundan bəhs etdi. Onun sözlərinə görə, hazırda Azərbaycanda şəffaflıq, gəlirlərin ədalətli bölüşdürülməsi və onlardan səmərəli istifadə sosial medianın diqqət mərkəzindədir: “Şəffaflığın təmin edilməsi üçün ictimai nəzarət olduqca vacibdir. Bu mənada bu kimi layihələrin keçirilməsinə ehtiyac var və belə tədbirlərin sayı gələcəkdə artırılmalıdır”. 
Tədbir müzakirələrlə davam etdirilib.









Redaktorun seçimi