Sahibkar istehsalçı olmalıdır, xidmətçi deyil

Hit: 2179
Sahibkar istehsalçı olmalıdır, xidmətçi deyil

Dünyanın heç bir ölkəsində Azərbaycanda sahibkarlığa göstərilən dəstək qədər, dəstək göstərilmir desəm, yanılmaram. Söhbət, həm maddi, həm də mənəvi dəstəkdən gedir. Və bu, artıq bir neçə illərdir ki, belədir. Hər il müvafiq maliyyə vəsaitlərinin ayrılması, müəyyən güzəştlərin tədbiq olunması, təzyiq elementlərinin getdikcə minimallaşdırılması, təşviq və təbliğ işləri və sair, çoxdan ənənəvi xarakter daşıyır.

Ancaq, bütün bunların effekti isə özünü təəssüf ki, çox ləng büruzə verməkdədir. Və bu da yenilik deyil. Ona görə də, cari ilin ötən 6 ayı ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hökumətin dövlət başçımızın sədrliyi ilə bu yaxında keçirilən iclasında birmənalı olaraq qeyd edildi ki, iqtisadi islahatları dərinləşdirmək üçün sahibkarlara böyük ümid bəslənilir, başqa sözlə desəm, onlardan böyük fəaliyyət gözlənilir.

Çünki, dövlət sahibkarlığın inkişafına təkrar edirəm ki, çox böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilib. 2018-ci ildə də 170 milyon manat veriləcək. Bunun böyük hissəsi artıq verilib. Qalan hissəsi də 2-ci yarım ildə veriləcək.

Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər verilir, xaricdə ticarət evləri açılır, onlara ölkədən kənara öz ixrac imkanlarını genişləndirmələri üçün şərait yaradılır.

Düzdür, 2,2 milyard manatın hesabına ölkədə 163 min yeni iş yeri açıldığı deyilir. Ancaq, sözügedən iclasda Prezident İlham Əliyev özü qeyd etdi ki, qeyri-neft məhsullarının ixracının artırılmasına dövlət sahibkarlardan daha çox çalışır.

Sual olunur ki, niyə?

Bu suala bəri başdan birmənalı olaraq belə cavab verə bilərəm ki, çünki bizdə sahibkarlar cari qazanc arxasınca qaçırlar. Uzunmüddətli stabil və sabit gəlir mənbəyi haqda düşünmürlər. "Sahibkarlar bir qədər passivdirlər. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə də, dövlət bütün bu işləri öz üzərinə götürüb."- deyə, dövlət başçımız bəyan etdi.

Bəli, iclasda iqtisadiyyat naziri Şahin Mustafayevin çıxışında bildirdiyi kimi, 2018-ci ilin ilk 5 ayı ərzində qeyri-neft ixracı 20 %, o cümlədən sənaye məhsulları 27 , kənd təsərrüfatı məhsulları 22, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 34 % artıb. Yəni, xüsusən, son illər ərzində görülən tədbirlər nəticəsində xrac məhsullarının çeşidi genişlənib.

O cümlədən, ölkədə iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi nəticəsində indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib. Hansıki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiya yatırılıb və 19 minədək yeni iş yeri açılıb. Və bundan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərməkdədir.

Amma yenə də, sahibkarlar tərəfindən ixracla bağlı səylərin artırılmasına böyük ehtiyac var. Belə ki, Prezident demişkən, onlar passivdirlər.

Bəs, buna səbəb nədir?

Ölkədə sahibkarlığın inkişafına dair şərhlərimin birində yazmışdım ki, ölkəmizdə sahibkar adlananların 99%-i “başını işlətmir” və ya, bunu istəmir... Belə ki, kimin əlinə bir az pul düşürsə, ticarətə və ya xidmət obyektinə qoyur. Yəni, kənardan - Dubaydan və Türkiyədən "bərk gedən" mallar gətirib satır, işlərini də bununla bitmiş hesab edirlər.

Odur ki, birinci növbədə bax, bu cür biznes yanaşma tərzindən qurtulmalıyıq. Başqa sözlə desəm, tənbəlliyin, passivliyin daşını atmalı və "mədəyə xidmət" düşüncəsindən yaxa qutarmağa çalışmalıyıq. Bu və ya digər "ağac dibində" yeməkxana filan, küçələrdə restoran, budka, o cümlədən, dəbdəbəli otellər və sair açmaq, sahibkarlıq fəaliyyəti demək deyil.

Sahibkar istehsalçı olmalıdır - xidmətçi yox !..

Məhz, istehsal etdiyin məhsulu ixrac etmək olur, xidməti deyil. İqtisadi aktivlik və artlm da, istehsal sahələrinin üzərində durmalıdır.

Ümumiyyətlə, nə qədər ki, iqtisadi artım dinamikası xidmət sferası sütunları üzərində dayanır, inflyasiya, qiymət və sair, bu kimi amillər də görülən işlərə görə deyil, istehlaka əsasən təşəkkül tapır və tapacaq. Bunu nəzərə almaq lazımdır.

Yeri gəlmişkən, bizdə inflyasiya demək olar, yüzdə yüz istehlakçı, yəni alıcı kütləsinin hərəkəti nəticəsində yaranır, normal bazar iqtisadiyyatı olan ölkələrdə isə istehsalçının. Başqa sözlə desəm, sahibkarlıq fəaliyyətinin...

Yəni, bizdə istehlakçının xərcləri artırsa, qiymətlər yüksəlir, onlarda isə istehsalçıların – sahibkarların... Ona görə də Avropada və Amerikada (ABŞ-da) inflyasiya adətən, aşağı olanda narahatçılıq yaranır, bizdə isə əksinə, yuxarı olanda...

Sözün qısası, sahibkarlar dövlətin ölkənin mövcud ixrac potensialından tam istifadə olunması üçün gördüyü işlərə, atdığı addımlara adekvat cavab verməlidilər. Onlar iqtisadi və maliyyə dəstəyindən bilavasitə bu və ya digər istehsalın təşkili üçün istifadə etməlidirlər. Çünki, sözügedən dəstək durmadan davam etdirilir.

Sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu kreditlər hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması üçün imkan yaranıb.

Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib ki, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb və artıq, portal vasitəsilə 180-dən çox elektron lisenziya verilib.

Pərviz Heydərov

 









Redaktorun seçimi