Dollar 4.80-ni vurdu - Ölkə şokda, bəs manatdan nə xəbər?

Hit: 15651
Dollar 4.80-ni vurdu - Ölkə şokda, bəs manatdan nə xəbər?

Türkiyədə lirə dollara nisbətdə ucuzlaşmaqda davam edir. Ötən gün  dollar/lirə məzənnəsi 4.80 lirə səviyyəsini də görərək rekordu yeniləyib. 

Beləliklə, ilin əvvəlindən indiyədək türk lirəsi dollara nisbətdə 20.27 faiz ucuzlaşıb. 

Lirənin ucuzlaşmasına səbəb reytinq agentliyi “Fitch Rating”in Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağı yönündə açıqlaması olub. 

İqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, türk lirəsinin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək.

Ekspertə görə, Türkiyədə seçki yaxınlaşdıqca, lirə daha çox dəyər itirir:

“Siyasi dairələrdəki hərarət Türkiyə iqtisadiyyatının müasir durumunu çətinləşdirib. Son günlər lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi Türkiyə mənşəli qiymətli kağızlara və borc öhdəliklərinə də təsirsiz ötüşməyib.

Hazırda 1 dollar 4,84 lirə səviyyəsində qərarlaşıb, amma bu hələ də son deyil. Bu gedişlə lirə iyunun 24-də keçiriləcək seçkilərədək təzyiq altında olacaq. Bu dövr ərzində lirənin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək.

Türkiyə idxalda Azərbaycanın başlıca tərəfdaş ölkəsidir. Deməli, onsuz da artan idxal bu səbəbdən daha da çoxalacaq və Azərbaycandan bu ölkəyə valyuta axınını sürətləndirəcək”.

Q.İbadoğlunun fikrincə, Türkiyədə Azərbaycan mənşəli əmlak və sərmayələr də dəyər itirə bilər:

“Bu günlərdə ABŞ-ın İran vətəndaşı olan beş nəfəri ünvanlı sanksiya siyahısına salması son günlər sabitləşən İran milli valyutasının dəyərsizləşməsini sürətləndirəcək. Əgər mövcud proseslər Rusiyada da müşahidə olunarsa, onda əsas ticarət tərəfdaşları olan ölkələrdən Azərbaycana idxalın artımı fonunda manata kənar təzyiqlər çoxalacaq. Belə təsirlər həmin ölkələrə ixracatın həcminin aşağı düşməsini şərtləndirəcək.

Odur ki, Mərkəzi Bank və Gömrük Komitəsi Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan ölkələrdə son günlər müşahidə olunanlara adekvat münasibət bildirməli və preventiv tədbirlər vasitəsilə real effektiv məzənnənin təsirlərini tənzimləməlidir”.









Redaktorun seçimi