Büdcəyə dəyişiklik zəruridirmi?

Hit: 900
Büdcəyə dəyişiklik zəruridirmi?

Əvvəlcədən gözlənildiyi kimi 2018-ci ilin dövlət büdcəsinə Milli Məclisdə (MM) yenidən baxılacaq. Çünki ilin əvvəlindən neftin dünya bazar qiymətləri 45 ABŞ dollarından yuxarı səviyyədədir. Əgər, ötən illərin təcrübəsinə diqqət yetirsək, neftin dünya bazarlarında satış qiyməti dövlətimizin əsas maliyyə sənədində nəzərdə tutulandan yüksək olanda hər ilin ortasında MM-da büdcəyə yenidən baxılıb və onun gəlir və xərclər hissəsi artırılıb. Və bu, əksər hallarda, Dövlət Neft Fondundan (SOFAZ) nəzərdə tutulan müvafiq transfert məbləğinin artırılması hesabına müşahidə edilib.

Təkcə, keçən ildə belə olmadı.

Belə ki, 2017-ci ildə dövlət büdcəsinə yenidən baxılarkən müsbət cəhət məhz ondan ibarət oldu ki, SOFAZ-dan nəzərdə tutulan transfert (6 milyard 100 milyon manat) artırılmadı. Düzdür, bunun müqabilində dəyişikliklər nəticəsində büdcə kəsiri artdı, artırılan xərclərin maliyyələşdirilməsində Mərkəzi Bankın 2015-ci ilin maliyyə nəticələrinə görə əldə edilmiş mənfəətindən ayırmadan, o cümlədən Vergi Məcəlləsinə dəyişikliklərdən irəli gələn tətbiq olunan sanksiya və cərimələrin həddinin artırılması, habelə beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində ölkəmizin iştirak payından formalaşan gəlirlər üzrə proqnozlaşdırılan daxilolmalardan, habelə büdcə təşkilatlarının büdcədən əlavə gəlirlərindən, bir sıra xərclər üzrə tətbiq edilən azalmalar hesabına yaranan sərbəst vəsaitdən, 2017-ci ilin əvvəlinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından istifadə olundu ki, bütün bunlar da SOFAZ-dan transfert məbləğinin artırılması variantından daha münasib variantlar idi.

Xatırladım ki, 2017-ci ilin dövlət büdcəsində kəsirin yuxarı həddi 645 000,0 min manat təsdiq edilmişdi. Sözügedən dəyişiklikdən sonra 530 milyon manat və ya 82,2 % artırılaraq, 1 175 milyon manat səviyyəsində təşkil etdi.

Sözün qısası, keçən il büdcə xərcləri neft pulları hesabına artırılmadı. Kəsir yüksəldilsə də belə... Amma, əhali və iqtisadiyyatımız üçün çox vacib məsələlər həllini tapdı.

Sözüm bunda deyil.

Xatırladım ki, 2016-cı ildə də dövlət büdcəsinə yenidən baxılmışdı. Özü də ilin ikinci ayında – fevralda... Belə ki, ölkədə əvvəlki ildə məlum devalvasiyalarla bağlı yaranmış çətin iqtisadi situasiya ilə əlaqədar, sosial istiqamətdə bir sıra artımlara getmək məcburiyyəti yarandı ki, bu məsələ SOFAZ-dan əlavə olaraq, 2 milyard manat da cəlb etmək yoluyla həllini tapdı.

Amma keçən il fevralda büdcəyə yenidən baxılarkən neftin qiyməti də aşağı salındı, 50-dən 25 dollara. Bu da il ərzində xarici təzyiqlərdən sığortalanmağa imkan yaratdı. Keçən ilki dəyişikliklərdə isə, neftin qiymətinə toxunulmadı. Əsas fərqlilikdən biri də məhz, bundan ibarət oldu.

Bəs, bu ilki büdcəyə baxmağa ehtiyac varmı?

Cari ilin dövlət büdcəsinin gəlirləri 20 127 milyon manat nəzərdə tutulub ki, bu da keçən illə müqayisədə 20 % çoxdur. Xərclərsə əvvəl 20 905,7 milyon manat planlaşdırılsa da, sonradan parlamentdə müzakirələr zamanı 21 047 000,0 min manata qaldırıldı. Bütün bunlar da olduqca yaxşı göstəricilərdir. O baxımdan ki, 2015-ci ildən sonra dövlət büdcəsinin həcmi azalmışdı. Ondan əvvəlki illərdə isə artırıla-artırıla gedirdi.

Bunun da səbəbi aydın idi.

Ümumiyyətlə, 2018-ci ilin dövlət büdcəsinin həcminin əvvəlki ildəkindən çox olacağı bəlli idi. Ona görə ki, keçən il ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyə mənfi təsir edəcək, onun dayanaqlığını sarsıdacaq göstəricilərdə pozitiv meyllər əldə olunmağa başlandı. Belə ki, neftin dünya bazar qiymətlərinin ucuzlaşması prosesi dayandı, xarici ticarət dövriyyəsində ixrac idxalı üstələdi, tədiyyə balansında müsbət saldo yarandı... Bunlar olduqca vacib göstəricilər idilər. Və 2017-ci il ərzində bunlar əldə olunmasa idi, uzun illər ərzində əldə etdiyimiz makroiqtisadi sabitlik pozula bilərdi. Çünki 2015-ci ildə 2 dəfə devalvasiya baş vermişdi. 2016-cı il ərzində manat daha 15% ucuzlaşmışdı. Hansı ki, bütün bunların təsirlərindən yaxa qutarmaq asan deyildi.

Odur ki, 2017-ci il dönüş ili olaraq yadda qaldı.

Ancaq məsələ bundadır ki, neftdən asılılığımız bitməyib axı... Və bu, hələ də əhəmiyyətini qoruyub saxlayır. Bunun üçün 2018-ci il dövlət büdcəsinə SOFAZ-dan daxilolmaların həcminə diqqət yetirmək kifayətdir. Belə ki, bu il ARDNF-dən büdcəyə 9,216 milyard manat transfert nəzərdə tutulub, 2017-ci ildəsə bu rəqəm 7,5 milyard manat, yəni 1,716 milyard manat az təşkil edirdi. Halbuki, Neft Fondundan büdcəyə transfertin getdikcə azaldılacağı deyilirdi.

Digər cəhət isə ondan ibarətdir ki, 2018-ci ilin büdcəsində neftin baza qiyməti təkrar edirəm, 45 dollar/barel səviyyəsində götürülüb. Bu da, 2017-ci ildəki analoji qiymətdən 12,5% və ya 5 dollar çoxdur. Səbəb, buil dünya bazarlarında neftin qiymətinin 50 dollar ətrafında olacağının proqnozlaşdırılması idi.

Yeri gəlmişkən, 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında Azərbaycanın dövlət maliyyə idarəetməsi xarici və daxili amillərdən asılı olan bir sıra fiskal risklərlə qarşılaşa biləcəyi açıq qeyd etmişdi. Xüsusən də, neftin dünya bazarlarında ucuzlaşması xarici mühitdən asılı olan əsas risk amili olaraq göstərilirdi. Hesablamalara əsasən, xam neftin qiymətinin 5 dollar azalmasının büdcə gəlirlərinin səviyyəsini 62,5 milyon manat aşağı düşməsiylə nəticələnə bilərdi. Xam neftin qiymətinin dəyişməsi ARDNF gəlirləri vasitəsilə, həmçinin icmal büdcəyə də təsir göstərir. Belə ki, xam neftin qiymətinin 5 dollar düşməsi ARDNF-nin gəlirlərinin 794 milyon manat azalmasına gətirib çıxara bilərdi. Bu isə o demək idi ki, keçən ildə bərpa olunan müsbət ticarət saldosu azalaraq, tədiyyə balansına mənfi təsir göstərəcək. Nəticədə manatın məzənnəsi üzərində də yenidən təzyiq yaranacaqdı.

Xarici mühitdən asılı olan risklərdən digər biri kimi isə, beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin kəskin arta biləcəyi faktoru göstərilirdi. Çünki bu, xarici dövlət borcuna xidmət, həmçinin xarici borclanma xərclərini artıracaqdı. Bu isə öz növbəsində, dövlət büdcəsi xərclərinin nəzərdə tutulduğundan daha çox, o cümlədən dövlət, özəl sektorların xərclərinin də artımasına, mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxaracaqdı.

Məsələ bundadır ki, hazırda bütün bunlar üzrə ciddi arxayınçılıq mövcuddur. Yəni, vəziyyət nisbi xarakter daşısa da, narahatçılığa heç bir əsas yoxdur. Neftin qiymətisə, 80 dollar civarındadır. Odur ki, büdcə gəlirlərini və xərclərini artırmağa dəyər. İndi bu, Neft Fondundan transfertin artırılması hesabına ediləcək, yoxsa yox, bunu bilmirəm. Ancaq təkrar edirəm ki, dəyişiklik etmək olar. Bir şərtlə ki, bu addım, ölkədə bir az əvvəl neftin dünya bazar qiymətlərinin enməsiylə əlaqədar başlanan böhrandan çıxmaq məqsədilə start götürən qeyri-neft sektorunu inkişaf etdirməyə yönəlik islahat tədbirlərinə dəstək xarakteri daşısın. Başqa sözlə desəm, bilavasitə bu məqsədə xidmət etsin. Çünki, əvvəlki şərhlərimdə də qeyd etmişəm ki, xarici risklərin mövcudluğu bizdən asılı olmasa da, daxili məsələlərin həlli özümüzdən asılıdır.

Büdcəyə ilin ortasında dəyişiklik yaxşı hal deyil, lakin bunun yaxşı və lazımi məqsədə xidmət etməsi dəyişikliyi zəruri edir.     

Pərviz Heydərov

Faktor.az 

 









Redaktorun seçimi