Bu kreditlər bərpa olunmalıdır - Ekspertdən çağırış

419 dəfə oxunub
Bu kreditlər bərpa olunmalıdır - Ekspertdən çağırış

İstehlak kreditlərinin bərpası zəruriliyi bir daha təsdiqlənir...

Ötən şərhlərimin birində, dəqiq desəm, “Bankları kredit meydanına qaytarmaq lazımdır” başlıqlı yazımda qeyd etmişdim ki, bankların kapital çatışmazlığı problemini həm də istehlak kreditlərinin verilməsi proseduralarına 2014-cü ilin əvvəlindən və o cümlədən, ondan sonra tədbiq olunan bir sıra məhdudiyyətləri ləğv etmək yolu ilə həll etmək olar. Çünki bütövlükdə sektoru qısa müddətə sağlamlaşdırmaq mümkün deyil. Düzdür, qeyd olunur ki, banklarda pul çatışmazlığı problemi yoxdur. Və guya, likvidlik səviyyəsihətta sürətlə artdığından, banklarda izafi pul vəsaiti həcmi yarandığından onlar vəsaitlərini kreditləşdirməyə deyil, qiymətli kağızlar bazarına yönəldirlər.

Ancaq aydın deyil, vaxtilə verdikləri kreditləri geri ala bilməyən, üstəlik xeyli müddətdir əlavə borc vəsaitləri də verə bilməyən və 2015-ci ildən sonra da əvvəlki illərdəki kimi sərbəst vəsaitlər cəlb edə bilməyən banklarda likvidlik səviyyəsi hardan və necə yüksək ola bilir? Sözüm bunda deyil.

Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da bildirib ki, banklar öz vəsaitlərini qiymətli kağızlara deyil, kreditləşməyə yönəltsələr yaxşıdır.“Bizim əsas məqsədimiz bankların maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsidir”- deyə, sədr bəyan edib.

Amma sual yaranır:necəvəhansı yolla? Başqa sözlə, iqtisadiyyatın banklar tərəfdən kreditləşdirilməsini necə bərpa etmək olar? Ümumiyyətlə, banklar real sektorun maliyyələşdirilməsində niyə iştirak etmir?

Bu suallara cavab tapmaq üçün bankların kreditləşdirməni məhz nə vaxtdan azaltmağa başladıqlarına diqqət yetirmək kifayətdir. Məsələ bundadır ki, bu, 2014-cü ilə təsadüf edir. Belə ki, 2014-cü ildən başlayaraq banklarda kredit portfelinin aktivlərdə payı azalmağa başlayıb. 2012-ci ildə banklar malik olduqları sərbəst vəsaitlərin 67,1 %ni, 2013-cü ildə 73,5 %ni, 2014-cü ildə 71,5 %ni, 2015-ci ildə 60,6 %ni, 2016-cı ildə 52,3 %ni, 2017-ci ildə isə 41,5 %ni kreditlərə yönəldiblər.

Sual yaranır, niyə 2014-cü ildən ?! Ona görə ki, məhz həmin ildən etibarən, ölkədə istehlak kreditlərinin verilməsi proseduraları dəyişdirilməyə başlandı. Avtomobil, məişət əşyaları və sair bu kimi malların alınmasında kredit dəstəyi mexanizmi aradan götürüldü. Ümumiyyətlə, əvvəlki şərhlərimdə də qeyd etmişəm ki, Azərbaycanda bank sektorunda problemlərin çoxu hələ bir neçə il öncədən mövcud idi. AMB tərəfdən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması da məhz bu səbəblərdən irəli gəlmişdi. Ona görə ki, istehlak kreditləri üzrə geri ödənişlərdə borclar şişirdi. Amma çox qəribə idi ki, həm verilən kreditlər getdikcə daha çox səviyyədə geri qayıtmırdı, həm də kredit verilişi ardıcıl olaraq genişlənir və faizlər də artırdı.

Bu ilin mart ayının 1-nə banklar tərəfindən 11561.1 milyon manat kredit verilib ki, 1700.9 milyon manat kreditin vaxtı keçib. Və beləliklə də, problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 14,7 %ə yüksəlib. İlin əvvəlində isə bu rəqəm 13.8 % təşkil edirdi. 2017-ci ilin müvafiq dövründə isə problemli kreditlərin ümumi kredit portfelində çəkisi 10 %-ə yaxın olub.

Təbii ki, bu, birdən-birə taranmayıb.Ümumiyyətlə, bankın fəaliyyətinin qayəsi ona etibar olunan pulu yenidən dövriyyəyə buraxıb, gəlir götürməkdir. Bank əldə etdiyi gəlirə uyğun olaraq, həm öz mənfəətini əldə edir, həm də götürdüyü borcun faizini ödəyir. Hansısa bank sərbəst vəsaitləri cəlb etməkdə çətinlik çəkirsə və ya cəlb etdiyi vəsaiti dövriyyəyə buraxıb müvafiq şəkildə gəlir əldə edə bilmirsə, onda həmin bankın vəziyyəti iflic sayılır. Dünya bazarında neftin satış qiyməti düşənə qədər isə bankların əsas gəliri istehlak kreditlərindən idi. Gəlirlərini məhz bunun üzərində qurmuşdular. Ona görə də, neftin satış qiyməti düşəndən sonra bankların problemi dərhal ortaya çıxdı.

Düzdür,  son 3 il ərzində ölkənin bank sektoru daha ağır dönəm yaşayır. Verilən kreditlər ümumiyyətlə, geri qaytarılmır. Əmanət cəlbi 2015-ci ildən sonra minimuma enib. Əhalinin böyük bir qrupu banklardan əmanətini geri götürdü və bu bankların kapital vəziyyətinə pis təsir göstərdi. Həmçinin, banklara yerləşdirilən vəsaitlərin həcmi azaldı.

Ancaq problemin kökü istehlak kreditlərinin məhdudlaşdırılmasında axtarılmalıdır. Yəni, vəziyyəti daha da ağırlaşdıran məhz, bu faktordur. Odur ki, yaranmış vəziyyətin qarşısını almaq üçün 2014-cü ilə qədər istehlak kreditləri üzrə qoyulan bir sıra məhdudiyyətlər tezliklə ortadan qaldırılmalıdır. Banklar yenidən istehlak kreditləri hesabına cüzi də olsa dirçələ bilər.

Onsuz da, problemli kreditlər azalmasa banklar tərəfindən iqtisadiyyatın maliyyələşdirilməsinə nail olmaq mümkün olmayacaq. Son statistika bundan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 milyard manat, cəmi öhdəlikləri isə 24.6 milyard manat təşkil edir. Sektorun balans kapitalı 3.9 milyard manat, əhalinin əmanətləri isə 7.7 milyard manat olub. Diqqət yetirək ki, 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri cəmi 1.2 % (329 milyon manat) artdığı halda, öhdəlikləri 1% (246 milyon manat) genişlənib.

Istehlak kreditlərinin verilməsinə qoyulan məhdudiyyətlərin ləğvi ölkədə iqtisadi aktivliyə də müsbət təsir edə bilər... 

Pərviz Heydərov

Faktor.az

 



Redaktorun seçimi