Banklar dolların məzənnəsini bahalaşdırdı - AÇIQLAMA

Hit: 520
Banklar dolların məzənnəsini bahalaşdırdı - AÇIQLAMA
Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,72) manata bərabər olub. Ötən ay milli valyutanın 1 avroya nisbətdə orta məzənnəsi 2,00 manata (1,94), 100 rus rublu 2,89 manata (2,96) bərabər olub.
 
İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, son aylar dolların alış kursu ilk dəfə 1.705-ə yüksəlib: "Artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər. Bu isə o deməkdir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da, artırıblar".
 
İqtisadçı bildirir ki, öncədən proqnozlaşdırıldığı kimi dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib: "Dekabrda idxalın artması, bayramlarla bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası, özəl və dövlət müəssisələrinin builki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir. Amma məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Baş bank mövcud kursu qoruyub-saxlamaq üçün hərraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə FES-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi".
 
Nəzərə çatdıraq ki, bu ilin yanvar-oktyabr aylarında dollarla mübadilə əməliyyatlarının həcmi 2 mlrd. 631 mln. 927,7 min ABŞ dolları olub. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 202 mln. 513,9 min dollar satılıb, 165 mln. 139,3 min dollar alınıb.

Faktor.az









Redaktorun seçimi