Əkrəm Həsənov: “2017-ci il bank sistemi üçün uğursuz il olub”

Hit: 565
Əkrəm Həsənov: “2017-ci il bank sistemi üçün uğursuz il olub”
Əkrəm Həsənov: “Problemlərin çoxu dondurulub və gələn ilə yüklənib”
 
“Yeganə müsbət tendensiya manatın məzənnəsinin sabitliyidir”
 
2017-ci il başa çatmaq üzrədir. Maraqlıdır, ekspertlər bu ili bank sektorunun durumu baxımından necə dəyərləndirir? 2017-ci il Azərbaycanın bank sektoru baxımından nə dərəcədə uğurlu və ya uğursuz oldu?
 
Faktor.az xəbər verir ki, Moderator.az -a açıqlama verən bank eksperti Əkrəm Həsənov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
 
“Ümumən, 2017-ci il uğursuz il idi. Faktiki olaraq bank sisteminin heç bir problemi həll olunmadı. Sadəcə, problemlərin çoxu donduruldu və növbəti illərə yükləndi. Belə ki, sistemin əsas problemi olan pis bankların aqibəti qeyri-müəyyən qaldı. Nə bağlandılar, nə də sağlam banklara birləşdilər. Öz növbəsində həmin pis banklar yaxşı bankları da bulaşdırmağa davam edir. Problemli kreditlərin də həcmi artan xətlə gedir və tədbirlər görülmədi. Ən əsası problemli kreditləri süni yolla yaratmış bank sahiblərinin və inzibatçılarının qanunsuz fəaliyyəti ifşa olunmadı. 
Əmanətlərin həcmi də azlan xətlə gedir, çünki sistemə etimad sarsılıb. Onun bərpası əvəzinə əksinə, elə addımlar atılır ki, sistemə etimad daha sarsılır. Təkcə Beynəlxalq Bankı göstərmək olar. İlin əvvəlində vaxtı çatmamış manat kreditlərinin sahibkarlardan təcili qaytarılmasını tələb etdi. İlin sonunda isə vətəndaşların əmanətləri üzrə faizləri birtərəfli qaydada azaltdı. Bağladığı müqavilələri heçə saydı. Ölkənin ən iri, özü də dövlət bankı imzasına hörmət etmirsə, sistemə etimaddan söhbət belə gedə bilməz. İlin ortasında isə elə həmin bu Beynəlxalq Bank xarici kreditorlarını sarsıtdı: borclarının şərtlərini dəyişdi (restrukturizasiya etdi). Bağlanmış bankların da ləğvi prosesi o qədər qeyri-şəffa və qanunsuz gedir ki, banka pul qoymaq istəyənlərin sayı azala-azala gedir. 
Yeganə müsbət tendensiya manatın məzənnəsinin sabitliyidir. O da manat kütləsinin sıxılması, kreditləşdirmənin boğulması və ölkənin pulsuz qoyulmasının nəticəsidir. Üstəlik bank sistemini idarə edən iki qurumun Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının arasında açıq-aşkar "qarşılıqlı badalaq vurmaq" siyasəti sezildi. Bu azmış kimi Palatanın öz daxilində də Direktorlar Şurası (Rüfət Aslanlı) ilə İdarə Heyəti (İbrahim Alışov) arasında hərc-mərcliyin şahidi olduq. Bütün bu yarıtmaz və destruktiv fəaliyyətin acı nəticələrini növbəti illərdə görəcəyik”.
 
 

Faktor.az









Redaktorun seçimi