Dollar iki manatdan nə qədər ötəcək?

Hit: 961
Dollar iki manatdan nə qədər ötəcək?

Xəbər verdiyimiz kimi, bu gün yanvarın 25-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşıb.

Mövzu ilə bağlı ekspert Pərviz Heydərov Faktor.az-a açıqlama verib:

“Mərkəzi Bankın cari ilin yanvarın 12-dən etibarən valyuta hərraclarının keçirilməsi qaydaları növbəti dəfə dəyişdirilməklə, yəni daha yeni formaya doğru təkmilləşdirilməklə, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marja da ləğv edilməklə manat "tam üzən məzənnə" rejiminə keçib. Qeyd olunan məsələyə dair AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev də aydınlıq gətirərək söyləmişdi ki, artıq, manatın məzənnəsini banklar müəyyən edir və bu isə o deməkdir ki, məzənnə tam liberal əsasda formalaşır.

Manatın dəyərinin əslində, 2015-ci ilin dekabrın 21-i tarixdən, yəni ikinci devalvasiyadan sonra da sərbəst buraxıldığını deyə bilərdik. Sadəcə olaraq, AMB tərəfindən keçirilən hərracların mexanizmində bir bəsitlik var idi ki, bu da birdən-birə deyil, getdikcə təkmilləşdirilə bilərdi.

Bundan əlavə,kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanın özü də ciddi məhdudiyyətlər yaradırdı ki, bunu da birdən-birə ləğv etmək qətiyyən olmazdı. Yəni, bütün bunlar üçün vaxt tələb olunurdu.

Azərbaycanda hökumət manatın məzənnəsini əvvəl idarəolunan, hazırda isə valyuta hərraclarının keçirilməsi mexanizmini yavaş-yavaş təkmilləşdirmək, sonda isə kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı da ləğv etmək yolu ilə real olaraq tam sərbəst tənzimlənən rejimə keçirmiş sayılır. Beləliklə də, manatın orta çəkili məzənnəsi həm hərracda, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatlar nəticəsində müəyyən olunur. Həmin məzənnə rəsmi məzənnə kimi elan olunsa da, bu, onun məhz inzibati yolla təyin edildiyini göstərmir. Yəni ki, manatın orta çəkili məzənnəsinə təkcə hərracdakı qiymət deyil, ondan kənar əməliyyatların nəticələri də təsir edir.

Sözün qısası, ölkəmizdə "tam üzən məzənnə" rejimi məhz bu mexanizmdən ibarətdir. Bundan artıq, tələb və təklif nisbəti üzrə müvafiq nəticələr gözləməyə dəyməz və bu, tamamilə absurd fikirdir. AMB məhz uzunmüddətli hazırlıqdan sonra bu mərhələyə gəlib çatıb ki, Azərbaycanda manatın öz real məzənnəsini bundan sonra da məhz bu cür mexanizm çərçivəsində tapacağını gözləmək lazımdır.

O ki qaldı məzənnənin hansı həddə sabitləşəcəyi məsələsinə, bu haqda konkret proqnoz vermək çətindir. Güman edirəm ki, tendensiya bir müddət sonra səngiyəcək”. 

Könül Kərimli/Faktor.az









Redaktorun seçimi