2017 manatın intihar ili olacaq? - ŞƏRH

Hit: 561
2017 manatın intihar ili olacaq? - ŞƏRH

Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda bəyanatı bəzi iqtisadçı ekspertlər tərəfindən adı çəkilən qurumun əvvəlki illərə dair anoloji bəyanatlarından bu dəfə fərqli olaraq izah edilir.

Vəziyyəti şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, bu maraq doğuran məsələdir:

“Əvvəla, ona görə ki, sözügedən ekspertlər Mərkəzi Bankın əvvəlki illərə dair anoloji bəyanatlarına həmişə tənqidi və hətta qeyd edərdim ki, ikrah mövqedən yanaşdıqları halda, 2017-ci il üçün açıqlanan eyni sənədə münasibətdə bu ənənəni pozublar. Belə ki, cari ilə aid bəyanatda söylənilənlərdən müxtəlif sitatlar gətirərək yazırlar ki, guya vəziyyətin 2017-ci il ərzində daha pis olacağı artıq Mərkəzi Bank tərəfindən də bəyan edilir. Bundan başqa, özləri özlərinin əvvəllər sərt-pul kredit siyasəti, inflyasiya, məzənnənin mövcud tənzimlənməsi mexanizmi və sair kimi amillər haqda söylədikləri tənqidi fikir və mülahizələrin əleyhinə çıxıraq qeyd edirlər ki, guya, vəziyyət o qədər katastrofikdir ki, AMB əslində, düzgün kurs həyata keçirir, amma iş ondadır ki, bunun da xeyri olmayacaq.


Qeyd edim ki, bütün bu deyilənlər cəfəngiyyatdır. Əvvəla, AMB-nin növbəti il üçün həyata keçirəcəyi pul siyasətinin əsas istiqamətləri haqda bəyanatı həmişə ümumi xarakter daşıyıb. Bu dəfə də məhz belədir və burada söylənilənlər sonradan il ərzində baş verən proseslərə uyğun təkmilləşdirilə və dəyişə bilir. AMB heç bir halda neftin dünya bazar qiymətlərinin necə olacağını dəqiq müəyyən edə bilməz. Ölkəmizin iqtisadi həyatında isə nəinki bu il ərzində, hələ sonrakı 2-3 il ərzində də əsas atmosfer bilavasitə məhz bu amildən asılı olacaq”.


Pərviz Heydərova görə, AMB-nin 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda bəyanatında əslində yenilik yoxdur:

“Sərt-pul kredit siyasətidir, inflyasiyanın cilovlanmasıdır, xarici amillərin daxili valyuta bazarına və məzənnəyə təsirlərinin qarşısının alınmasıdır, iqtisadi artımı stimullaşdırma tədbirləri ilə mövcud makroiqtisadi sabitlik arasında uzlaşmaya nail olunmasıdır və sair. Bu isə o deməkdir ki, AMB üçün həmişə aktual xarakter daşıyan məsələlər olub və bunlar hətta neftin dünya bazar qiymətləri yüksək olan illər ərzində də adıçəkilən qurum tərəfindən həyata keçirilən ümumi kursda aşkar şəkildə nəzərə çarpıb. Bundan başqa, AMB-nin 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda bəyanatında “tam üzən məzənnə” siyasətinə keçiləcəyi deyilmir. Sadəcə olaraq sənəddə qeyd edilib ki, AMB Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq 2017-ci ildə üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcək. Açıq şəkildə bəyan edilib ki, Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədi daşıyacaq. Bunda isə qeyri-adi heç nə yoxdur. Belə ki, yola saldığımız il ərzində də AMB-in valyuta bazarına intervensiyası yalnız, bu məqsədlə həyata keçirildi. Başqa sözlə, bundan kənara çıxmadı. Ancaq sözügedən sənəddə o da deyilir ki, 2017-ci ildə AMB üzən məzənnə rejiminə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayacaq. Bu isə çox önəmli faktordur. Cari il üçün AMB-nin nail olmaq istəyəcəyi əsas hədəf məhz ondan ibarət olacaq ki, inflyasiya birrəqəmli səviyyəyə ensin. Bu, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq. Belə ki, əgər, onun yüksəlməsi qarşısını saxlamaq mümkün olarsa, demək ki, vəziyyət yaxşı olacaq. Yox, əgər nəzarətdən çıxarsa, AMB pis vəziyyətdə qalacaq. Bütövlükdə ölkədə bank sektorunda normallaşma prosesi də məhz buna bağlıdır. AMB-nin 2017-ci il ərzində həyata keçirəcəyi pul siyasətinin bütün istiqamətlər üzrə əsas məğzi bundan ibarətdir”.

Faktor.az

 









Redaktorun seçimi