Ərdoğandan həyatı bahasına başa gələcək addım - Türkiyə dollardan imtina edir

Hit: 836
Ərdoğandan həyatı bahasına başa gələcək addım - Türkiyə dollardan imtina edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verib.

Prezidentə verilən suallardan biri də iki ölkə arasında ticarətdə dollar əvəzinə, türk lirəsi ilə rubldan istifadə edilməsinə dair olub.

“Əlbəttə, müsbət təsiri olacaq. Məlumdur, sadəcə, səyahətə görə dollar 3 lirə səviyyəsindən aşağı düşdü. Alış-verişləri rubl və TL ilə aparsaq, daha faydalı olar. Belə bir vəziyyətdə, məsələn, dollar daha da düşər. Valyuta repressiyasından, məzənnə təzyiqindən xilas olmuş olarıq. Həm Rusiya qazanacaq, həm biz qazanacağıq. Onun üçün bu, çox mühümdür. Həqiqətən gecikdirdik, həll etməyimiz lazımdır”, - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə ABŞ dollarından imtina edir...

Belə bir qərar yalnız və yalnız ikitərəfli iqtisadi və ticari münasibətlərə dair verilə bilər.

Bunu Faktor.az-a açıqlamasında iqtisadçı, ekspert Pərviz Heydərov deyib.

Onun fikrincə, vaxtaşırı bu cür bəyanatlar ilə bir çox siyasətçilər çıxış edib, edir və edəcəklər.

“Burada söhbət borsanın prezidentin çağırışına dəstək verərək bütün nağd vəsaitləri lirəyə çevirməklə Türk Lirəsi hesablarında saxlanmasına qərar verməsindən gedir. Sözüm bunda deyil. Dünya iqtisadiyyatının aparıcı ölkələri Çin, Aİ ölkələri, Böyük Britaniya və digərləridir. Rusiya özü nəhəng bir iqtisadiyyata malik ölkədir. Gəlirləri enerji resurslarından asılı olsa belə... Bu ölkələr də ABŞ dollarından istəsələr də imtina edə bilməzlər . Bəs, Türkiyə bunu necə edir?! Belə bir qərar yalnız və yalnız ikitərəfli iqtisadi və ticari münasibətlərə dair verilə bilər”.

Ekspertin sözlərinə görə, iki ölkə yalnız tərəflərarası hesablaşmalar onların valyutalarına uyğun həyata keçirilsin deyə razılığa gələ bilər.

“Ancaq bu özü də yenə, ABŞ valyutasına dayanıqlı bir məsələ olaraq həllini tapacaq. Çünki hansısa ölkə dünya iqtisadiyyatı və bazarlarından təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Əvvəla, heç bir ölkə hər şeyi özü istehsal edə bilməz. İkincisi də, istehsal etdiyi hər bir məhsulu da yalnız öz istehlakı üçün nəzərdə tuta bilməz. Yəni, istər-istəməz nəyisə ixrac etməyə məcbursan. Bütün bu hallarda da Amerika milli valyutası ilə "rastlaşmamaq" mümkün deyil. Çünki ABŞ dünya iqtisadiyyatının təxminən 30 %-i deməkdir. Hər valyutanın arxasında da onun məxsus olduğu ölkənin məhz istehsal etdiyi məhsul dayanır. Yapon iyeni, Çin yuanı, Britaniya funt-sterlinqi də güclü və aparıcı valyutalardandır. Lakin heç birinin arxasında ABŞ dollarının arxasında dayanan məhsul həcmi mövcud deyil. Odur ki, heç vaxt bu cür "siyasi acıq" hissindən irəli gələn bəyanat və çıxışlar praktikada keçərli sayıla bilməz”.

Vüsalə Qəzənfərqızı //Faktor.az









Redaktorun seçimi