Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA

Hit: 842
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Özbəkistanda yanacağın qiymət artıb. Ölkədə yaranmış yanacaq defisiti ilə bağlı vəziyyəti düzəltmək və bəzi vətəndaşların qeyri-qanuni hərəkətlərinin qarşısının alınması məqsədilə yanacağın qiyməti qaldırılıb. Özbəkistanda xam neftin hasilatı ehtiyatların tükənmə səbəbilə durmadan azalır. Neft hasilatı 2012-ci ildə 1.56 mln. ton təşkil edib. O vaxtdan bəri, neftin illik hasilatı haqqında yeni rəsmi məlumat yoxdur. Yanacağın qiymətinin artması bu səbəblə də əlaqələndirilir. 
 
Dünya bazarında neftin qiyməti ucuzlaşdıqdan sonra Azərbaycan hasilatı dondurmasa da, istehsal həcmini artırmır.
 
Bununla əlaqədar, ölkədə yanacağın qiymətində artım ola bilərmi?
 
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban açıqlamasında Özbəkistanla Azərbaycanın neft strategiyasını fərqli olduğunu bildirib: 
 
"Əvvəla, Özbəkistanda təxminən, 3.5 mln. ton neft hasil edilir. Bizimlə müqayisədə, bu rəqəm azdır. Bundan başqa, orada avtomobillərin çox hissəsi yanacaq kimi qazdan istifadə edirlər. Təlabatı ödəmək üçün əsasən, Rusiyadan benzin yanacağı idxal edirlər. Qiymət artımı idxalla əlaqəli ola bilər”. 
 
Mərkəz rəhbəri Azərbaycanın neft hasilatını artırmadığına görə, benzin qiymətinin qaldırılmasının proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb:
 
"Bu barədə heç vaxt proqnoz vermək olmaz. Qiymət artımı dövlət tərəfindən atılan addımdır. Nədənsə, Tarif Şurası yanacağın qiyməti ilə bağlı həmişə saat 10-da açıqlama yayır. Qərarın gecə saatlarında verilməsini hər hansı məntiqlə izah etmək mümkün deyil. Ona görə də, qiymət artımı ilə bağlı necə proqnoz vermək olar?”, - deyə İ. Şaban əlavə edib. 
 
 
Məsələ ilə əlaqədar "Azpetrol Ltd” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanacağın qiymət artımına ancaq Tarif Şurası nəzarət edir: 
 
"Biz yanacağı alıb-satırıq, qiymət və digər məsələlərə baxmırıq. Eyni zamanda, bu barədə Tarif Şurasına təklif göndərmirik”, - deyə qurumdan bildirilib.
 
 
Azərbaycanda yanacağın qiyməti ilə bağlı hər hansı qərarın olub-olmaması ilə bağlı Tarif Şurası ilə əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmadı.
 
Neft hasilatının artırılmaması ilə əlaqədar, yanacağın qiymətində dəyişikliyin olması hələlik, sual altındadır.//Ann.az//








Redaktorun seçimi