Dolların taleyi, Klintonun prezidentliyi, - kəllə-çarxa çıxan uçot dərəcəsi

Hit: 1245
Dolların taleyi, Klintonun prezidentliyi, - kəllə-çarxa çıxan uçot dərəcəsi

 

Dolların məzənnəsinin qalxması bütün dünyada iqtisadi vəziyyətin gərginləşməsinə səbbə olub. Dünyanın taleyi isə 8 noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində həll olunacaq. Belə ki, prezidentliyə namizədlər arasında olan Hilari Klinton seçiləcəyi təqdirdə uçot dərəcəsini qaldıracağını bildirir. Prezidentliyə iddialı digər namizəd Donald Tramp isə uçot dərəcəsini aşağı salacağını vəd edir.

Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərovla əlaqə saxladıq. İqtisadçı Faktor.az-a açıqlamasında məsələni belə şərh etdi:

“ABŞ-da FES-in siyasəti Ağ Evin istəyi ilə işlənib, hazırlanaraq həyata keçirilmir. Baza faiz dərəcəsi bir çox amillər nəzərə alınaraq müəyyən edilir. Buraya həm Amerika iqtisadiyyatında işsizliyin azalması, inflyasiya, pərakəndə satış həcmi və istehsalda artım səviyyəsi kimi göstəricilər ilə yanaşı, həm də qlobal iqtisadi atmosfer və sair kimi amillər daxildir. Məsələn, cari il ərzində FES faiz dərəcəsini 4 dəfə artıra biləcəyini bəyan etmişdi. Ancaq ilin sonunda heç olmasa 1 dəfə də varsa artırıb-artırmayacağı hələ də dəqiq bəlli deyil. Düzdür, bəziləri deyirlər ki, bu il seçkilər olmasa idi, FES indiyədək bu addımı atmışdı. Bu, tamamilə yanlış fikirdir. Cari il ərzində buna hələki ciddi zəmin yaranmamışdır. Ancaq, ilin sonunadək FES-in belə bir qərar verəcəyi gözləniləndir”.

Kimin prezident seçiləcəyi məsələsinə gəlincə, Pərviz Heydərov bildirdi ki, demokratlardan olan Hillari Klintonun qalib gələcəyi təqdirdə, ABŞ iqtisadiyyatının bundan udacağı aydındır.

“Ən azı o səbəbdən ki, hazırki prezident Barak Obama ABŞ üçün iqtisadi baxımdan çox şeylər verdi. O hakimiyyətə gələndə Amerika iqtisadiyyatı böhran içərisində idi. İqtisadiyyata güclü maliyyə dəstəyi həyata keçirildi. FES kəmiyyət yumşaldılması siyasəti həyata keçirdi. Tibbi sığorta sahəsində çox mühüm addımlar atıldı. Yalnız ABŞ-ın xarici siyasətində ciddi səhvlər buraxıldı ki, bu da onun əvvəlki nüfuzunu nisbətən aşağı saldı. Yox əgər, respubliikaçıların namizədi Donald Tramp qalib gələrsə, bundan qlobal iqtisadiyyat nələrsə uda bilər ki, bunu da indidən konkret olaraq söyləmək çətindir.

Ümumiyyətlə, bu gün əsas məsələ odur ki, neftin dünya bazar qiymətləri sabitləşsin. Bizə lazım olan budur. FES faizi artırdığı təqdirdə isə buna zərər gələcək”.

Könül Kərimli // Faktor.az









Redaktorun seçimi