Neft üzümüzü qaraltdı - Bu sahə isə ağardır

Hit: 213
Neft üzümüzü qaraltdı - Bu sahə isə ağardır

Prezident İlham Əliyev Azərbaycanın kənd təsərrüfatı ölkəsinə çevrilməsi üçün görülən tədbirlərin genişləndirilməsi üçün sərəncam imzalayıb. Əhalinin təlabat malları içərisində də əsas yeri kənd təsərrüfatı məhsulları tutur.

Bəs görəsən ölkədə bu sahədə istehsal edilən məhsul təlabatı ödəyirmi?

Faktor.az-a açıqlama verən iqtisadçı Fikrət Yusifov kənd təsərrüfatında görülən işlərdən danışdı:

“Son bir neçə il ərzində  aqrar sektorun inkişafına dövlət səviyyəsində önəm verilir. Praktik olaraq bu sahədə inqilabi dəyişikliklərə gətirib çıxara biləcək çox ciddi addımlar atılıb, qərarlar qəbul edilib. Xüsusilə də son bir ildə sahibkarlığın, biznesin inkişafında investisiyaların cəlb edilməsi istiqamətində atılan ciddi addımlar kənd təsərrüfatını da əsaslı şəkildə əhatə edə bilmişdir”.

İqtisadçının sözlərinə görə, ötən illərlə müqayisədə aqrar sektorda artım müşahidə olunur:

“Biz tarix boyu aqrar ölkə kimi hesaba alınmışıq və məqsəd də bu  statusu bərpa etməkdən ibarətdir. Azərbaycanın iqlimi burada kənd təsərrüfatının bütün sahələrinin inkişafı üçün əlverişlidir. Ayrı-ayrı istehsal sahələrində çox ciddi addımlar atılıb. Xüsusilə də strateji əhəmiyyət daşıyan, ölkəyə valyuta gətirən məhsullarla bağlı çox ciddi hədəflər müəyyənləşib. Pambıqçılıq, baramaçılıq, tütünçülük və digər sahələrin inkişafında əsaslı tədbirlər görülür. Kəndli fermer təsərrüfatları üçün geniş fəaliyyət meydanı açılır. Və ilkin nəticələr əldə olunub, iqtisadiyyatda azalmalar olmasına baxmayaraq aqrar sektorda 2,4 % artım qeydə alınıb. Əgər iqlim şəraiti payız dövründə bu qədər kəskin pisləşməsəydi bu artım daha çox ola bilərdi”.

Sonda isə Fikrət Yusifov qeyd etdi ki, yaxın gələcəkdə istehsalın artacağı gözlənilir. Və bu artım təlabatı ödəməklə yanaşı, artıq qalan bəzi kənd təsərrüfatı mallarını dünya bazarlarına çıxarmağa imkan verəcək.

Könül Kərimli // Faktor.az









Redaktorun seçimi