Ölkəmizdə iqtisadi durğunluq nə qədər davam edəcək? - Ekspert şərhi

Hit: 1378
Ölkəmizdə iqtisadi durğunluq nə qədər davam edəcək? - Ekspert şərhi

Son dövrlər dolların kursunun qalxması, manatın devalvasiyası Azərbaycanda da iqtisadiyyata təsirsiz ötüşməyib. Uzun müddətdir ki, ölkədə iqtisadi durğunluq hökm sürür.

Bu vəziyyət nə qədər davam edəcək? Növbəti aylarda iqtisadiyyatda hansı dəyişikliklər gözlənilir?

İqtisadçı Qalib Toğrul Faktor.az-a verdiyi açıqlamada bildirdi ki, mövcud vəziyyətdən çıxış yolu ölkədə real iqtisadiyyatın yaradılmasıdır:

"Əgər ölkədə real iqtisadiyyat varsa, manatın dollara nisbətən ucuzlaşması ixrac qabiliyyətini artırmalıdır. Yəni iqtisadi nəzəriyyələr baxımından indiki hal bizim üçün əlverişlidir. Amma hal-hazırda bizdə real iqtisadiyyat yoxdur, ixrac qabiliyyəti formalaşmayıb, rəqabət mühitində məhsul istehsalı təşkil olunmayıb. Ona görə də biz bu çətinliklərlə üzləşirik".

Durğunluqla bağlı görülən tədbirlərdən danışarkən Qalib Toğrul qeyd etdi ki, ötən ilin sonları və bu ilin əvvəllərindən başlayaraq çox mühüm sənədlər qəbul edilib:

"Bu sənədlərin içərisində ən mühümü yol xəritəsi ilə bağlıdır. Yol xəritəsi üçün ayrılmış 6 aylıq müddət oktyabrda başa çatır. Bu sənəddə tapşırılırdı ki, həm bir illik yol xəritəsi, həm 2016-2020-ci illər üçün strateji yol xəritəsi, həm də 2020-ci ildən sonrakı vizyon hazırlansın. Bütün bu sənədlər hazırlandıqdan sonra durğunluğun nə qədər sürə biləcəyi haqda proqnoz vermək olar".   

Ekspert manatın kursunun sabitləşməsinin ən yaxşı halda bir ilə, il yarıma gözlənildiyini bildirdi:

"Manatın gücləndirilməsi üçün milli istehsalımız olmalıdır. Rəqabət qabiliyyətli sənaye, kənd təsərrüfatı istehsalı olmalıdır, turizm inkişaf etməlidir. Ondan sonra manatın möhkəmlənməsindən, iqtisadi canlanmadan danışa bilərik".

Sonda isə ekspert qeyd etdi ki, indiki vəziyyətdə xarici faktorlardan asılıyıq. Ancaq Azərbaycanda real iqtisadiyyat yaransa, bu amillərdən asılılıq olmayacaq.

Könül Kərimli // Faktor.az









Redaktorun seçimi