Üzüm bağlarında ting əkini işləri davam etdirilir

Hit: 193
Üzüm bağlarında ting əkini işləri davam etdirilir
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun ampeloqrafik üzüm bağında mövsümü aqrotexniki, aqrokimyəvi, proflaktiki bitki mühafizə, torpaq becərmə, ting əkini  işləri davam etdirilir.
 
Təsərrüfatlarda zərərvericilərin qışlayan törədicilərinə qarşı kimyəvi mübarizə aparmaq üçün tənəklərə emusiyalaşdırılmış yağlardan (Hekvidor OİL 35-40 l/ha, VOLK-92  35-45 l/ha) və müvafiq insektisidlərdən (Poliqor 2,0-2,5 l/ha, Megaban 2,0-2,5 l/ha, Alban 2,0-2,5 l/ha  və s.) istifadə müsbət nəticə verir. Bunu nəzərə alaraq institutun Abşeron Yardımçı Təcrübə Təsərrüfatınada tənəklərdə tumurcuqların açılmasından qabaq  yuxarıda adı çəkilən proflaktiki kimyəvi mübarizə tədbiri həyata keçirilmişdir. Yarpaq töküləndən yazda tumurcuqlar şişənə qədər olan dövrdə ziyanvericilərin qışlayan törədicilərinə qarşı bir mübarizə tədbirinin aparılması vegetasiya dövründə aparılan mübarizə tədbirlərinin sayını 2-3 dəfə azaltmış olur. Həmçinin, payızda yarpaq tökülən dövrdə aparılan mübarizə tədbirləri ilk yazda tumurcuqlar şişənə qədər aparılan mübarizə tədbirlərindən daha səmərəli olur.
 
Qış-ilkin yaz  mövsümündə aparılan inteqrir mubarizə tədbirlərini əhəmiyyəti: Üzüm xəstəlikləri törədiciləri tənəyin mərhələlərinə uyğunlaşıb yaşayır, parazitlik edir.  Xəstəlik törədicilərinin harda qışlamasını, yazda nə vaxt oyanmasını, vegetasiya müddətində hansı şəraitdə artıb çoxalmasını, əvvəl bitkinin hansı orqanlarını zədələnməsini  və s. yaxşı bilməyən kənd təsərrüfatı mütəxəsisi heç vaxt aqrotexnikanı, kimyəvi-bioloji mübarizə tədbirlərini lazımi səviyyədə apara bilməz.
 
Buna misal olaraq üzümə çox ziyan vuran mildiu xəstəliyinin törədicisini göstərmək olar. Payızda soyuqlar düşəndən  tumurcuqlar oyanana qədər parazitin qışlaması ancaq sirayətlənmiş yarpaqlarının toxumaları daxilində keçir. Yerə tökülən yarpaqlar şum zamanı bitki araları və cərgə araları bellənərkən torpağa basdırılmalı, parazitin qışlama mənbəyi məhv edilməlidir. Yarpaqları təmizləmək mümkün olmadıqda  mütləq parazitin bu mənbəyini tənəyin nisbi sükunət dövründə məhv etmək üçün üzümlüklərdə torpağın üst səthi 2-3% nitrofen, 4-5%-li dəmir kuporosu məhlullarından biri ilə çilənməlidir.
 
Bir çox ev təsərrüfatları dərmanlardan istifadə etmədən üzümdən məhsul almaq istəsələr də, əksər hallarda bu mümükün olmur. Məhsul sonda çürüyərək itkiyə məruz qalır. Onlar bir tərəfdən haqlıdırlar. Hesab edirlər ki, kimyəvi preparatlar məhsulları zəhərləyir. Lakin Azərbaycan şəraitində, xüsusən də şpaler və çardaq becərmə sistemlərində kimyəvi çiləmələr aparmadan sağlam məhsul əldə etmək olmur. Amma qədim becərmə sistemi olan ağaclara dırmaşdırılmış şəkildə və xiyaban sistemində tənəklər hündürə qalxdığından və havalanma normal getdiyindən əksər illərdə tənəklər göbələk xəstəliklərinə tutulmurlar.








Redaktorun seçimi