“Ziraat Bank Azərbaycan” 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurub

Hit: 216
“Ziraat Bank Azərbaycan” 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurub
“Ziraat Bank Azərbaycan” 2024-cü ilin birinci rübünə dair maliyyə hesabatlarını rəsmi saytında yayımlayıb. Hesabata əsasən, bank müsbət artım dinamikasını davam etdirərək 2024-cü ilin ilk rübünü xalis mənfəətlə başa vurub.
 
Yayımlanan maliyyə hesabatlarına əsasən, bank 2024-cü ilin ilk rübündə 4,4 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 faiz artıqdır. Bankın əməliyyat mənfəəti də ötən ilin ilk rübü ilə müqayisədə 11 faiz artaraq 6 milyon manatı keçib.
 
Dərc edilmiş hesabatlara əsasən, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artaraq 377 milyon manatı keçib. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini bankın prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Bankın depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə edilib. Belə ki, təqdim edilən maliyyə nəticələrinə görə 2024-cü ilin ilk 3 ayında müştərilərin banka etibar etdiyi vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 26,31 faiz artaraq 495 milyon manatı keçib.
 
Bankın uğurları bununla da bitmir. Belə ki, 2024-cü ilin ilk üç ayı ərzində bankın cəmi aktivləri 16,7 faiz artaraq 743 milyon manata çatıb. Bankın cəmi kapitalı isə 4 faiz artaraq 121 milyon manatı keçib.
 
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyəyə məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
 
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.








Redaktorun seçimi