Ruslar papağımızdan qorxurlar

Hit: 625
Ruslar papağımızdan qorxurlar

Metasofi yazı

Ey dili qafil fil faili məchul fani f....
Unudulmuş oxucu, indi sizinlə bölüşəcəyim faktla tanış olanda, əsəbimdən az qalmışam ağlayam. Bu gerçəklə tanış olanda gülməkdən bayılmışam. Bu həqiqəti oxuyanda diksinmişəm. Bu tarixi vaqeə ilə üz-üzə gələndə başımda tüküm biz - biz durub, bədənimdə isə ürpərti kəsməyib. Bu fəlakətlə qarşılaşanda bəzi millətlərin fantaziyasına heyran qalmışam. Bəzilərinin ağlına küfr etmişəm. Bəzilərinin zəkasına lənət oxumuşam. Bəzilərinin şüurundan şübhələnmişəm. Bəzilərinin yaddaşından canımda qorxu -hürkü duymuşam. İndi açıqlayacağım anlayış hesab edirəm ki, daha çox bir millətin yaddaşı ilə bağlı olmasaydı, bu qədər ürək partladan reallığa çevrilməzdi.
Məsələ belədir, unudulmuş, oxucu! Tarixin yetim və misgin günlərinin bir günü ruslar Qafqaza ayaq açırlar. Onlar gəldiyi kənar yerlərə xoş niyyətlə gəlməzlər. Onların gəlişindən sonra olanlar olur. Göydə buludlar qaralır. Günümüz, ayımız tutulur. Sularımız çirkab axıdır. Torpaqlarımız zəqqum çiçəkləri bitirir. Min illərdir bu ərazilərdə oxuyan varlıqların avazı ruhumuzu oxşadığı halda, onlar bu yerlərə gəldikdən sonra günümüz göy əskiyə bükülür. Bütün duyduğumuz səslər, vəsvəsə, səksəkə, qorxu, hürkü, canalan mesajdan başqa bir şey aşılamır. Xaçpərəstlər torpağımıza ayaqlarını basdıqdan sonra qara günlərimiz başlayır. Ruslar baxırlar ki, bu yerlərdə onların tap gətirə bilməyəcəyi, qalmalarına maneə törədən çox metafizik təravətini itirməyən meyarlar var:-  biri elə Borçalı kişilərinin başlarına qoyduqları qaragül quzu dərisindən hazırlanan buxarı papaqlar. Sən demə, imperiya (ruslar) papaqdan qorxurmuş. Axı bu papaqlarda onlara qarşı hansı vahimə, hansı ölüm mələyi gizlənibmiş ki, Qafqaza ayaq basanda ilkin olaraq papaqla ilgili gül solduran, su bulandıran, quşu qanadsız qoyan tədbir alırlar. (Üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılır, onda isə həmin dəridən bu papağı tikmək mümkünsüz olur. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır:-x.t.) Təsəvvür edirsinizmi, rusların ilk işğal dönəmində ilk çıxardıqları və tətbiq etdikləri qanun papaqla bağlı vergi qanunu oldu.
Ruslara qədər şah kimi yaşayan xalqımız, ruslardan sonra misgin duruma düşürülür. Kasıblıq, aclıq, yoxsulluq, möhtaclıq baş alıb gedir. Çünki bu torpaqlar haramçılıq götürməyib. Gərək bu yerlərə haram nəfəs, nəfis, niyyət toxunmasın. Bu kasıblıq bəs deyilmiş kimi, türk kişilərinin başındakı papağa vergi qoyulur. Eşitdinizmi? İnanmırsınız, deyilmi? Bu dəhşətli bir anlayışdır. İnsanın hər hansı bir işinə, əməlinə, fəaliyyətinə, yaxut məşğul olduğu sahə üzərinə, malına-mülkünə bir qanun çıxara, vergi uyğulaya bilərsən. Əxlaqına, dünyagörüşünə, kimliyinə vergi uyğulamaq, bu intihar saldırısı deyil bəs nədir? Papaq vergisi isə, ağla gəlməz bir oyunbazlıqdır. Təsəvvür edin, dədə - babalarımızın başındakı papaq bir imperiyanı yerindən oynadır. Çar imperiyası gecikmədən çıxardığı qanunu işə salır. Tezliklə kişilərimizin başındakı qaragül quzu dərisindən hazırlanan papaqlarımız yoxa çıxır. Tarixin arxivinə gömülür. (Özü də elə bir vergi miqdarı tətbiq etmişdirlər ki, gərək yıxılıb yerindəcə öləsən:-x.t.)
Ruslar yaxşı bilirdilər ki, türkün bəzi böyük dəyərləri vardı. Milləti millət, mədəniyyət sahibi edən də məhz o dəyərlərin bir xalqda hidayət bulmasıdır. Torpaq, ailə, at, qılınc, bir də papaq... Bu qutsallığa topyekun olaraq türk milləti NAMUS adı verib. Bu anlayışlara türk şüuru,zəkası,instikti namus adı verib. Türkün bu instikti metafizik varidatdır. Türk öz metafizik işlərini ən sağlam şəkildə bu dəyərlərlə həll edir. Türklər öz energetik təkamülünü, batiniyyat təvazökarlığını bu şifrələr, bu kodlar olmadan Tanrı ilə bağlaya bilməz.  Bu dəyərləri, milli energetik nöqtələri darmadağın etdikdən sonra, o millətin canlı olaraq heç bir mahiyyəti qalmır. Ancaq son 250 ildən çox bir zaman dilimində belə amansız cəhdlərin olmasına baxmayaraq, dədə - babalarımız bütün sitəmləri sinələrinə çəkə - çəkə, zülmlərə dözə-dözə bu müqəddəs QUT-umuzu qoruyub saxlamışdırlar. 
O məşum “papaq vergisi” həyata keçirildikdən sonra dədə - babalarımız əsir - yesir durumuna düşürülür. Papaq başdan gedir. Türk kişisində bu papağın başa qoyulması mənəviyyat ötəsində bir də insanın fiziki sağlamlığı baxımından nə qədər əhəmiyyətə sahib olduğunu bilənlər bilirlər.(Bu başqa bir yazının haqqıdır:-x.t.) Ancaq türk kişisi həmişə fiziki sağlığından daha çox mənəvi sağlığını düşünmüş, öndə tutumuşdur. Çünki onu bu dünyayla, həyatla, kosmosla, qeyb aləmi ilə, Yaradıcı Güclə irtibatını nizama salan, onu ayaqda dik, diri tutan bu dəyərlər və bu dəyərləri həyatın hər sahəsində öz yaradıcı, törə-dici məcaz dolu macəralarının qidalandırması olmuşdur. Ona görə də, tarix sürəcində bu dəyər əmanətə dönüşüncə, bu mənəvi varidatın üzərində öz kimliyini, xarakterini möhgəmlədib, bərkitməyə başlamışdır. Bir zamanalr buxarı papaqsız türk kişisi demək, onun şəxsiyyətini bir tərəfə qoymaq anlamını daşıyırdı. Ola bilsin zaman keçdiyindən bu ifadə etdiyim fikir, çoxları üçün adi, ağrısız, heç bir təsir, iz qoymayacaq şəkildə qarşılansın. Varoluş(mövcudluğumuz) və kimliyimizlə bağlı gerçəklər üzərində sözümüzü düzgün oturda, qavramlarımızı dəqiq nişan verə bilsək, bizim keçmişlə, tarixlə, özümüzlə, varlığımızla, kimliyimizlə, özəlliyimizlə rabitəmiz də düzgün bağlanacaq.
Rusların türklərə qoyduğu papaq vergisi, inanın, uzun müddət imperiyanın varlığında təlatüm və lərzə yarardıb. Rus imperiyası yaxşı başa düşürdü ki, türk kişisininin papağına vergi uyğulamaq, onun namusuna, onun başına, ağlına, zəkasına, cəsarətinə, istedad və əxlaqına vergi uyğulamaqdır. Mən tarixdə bundan dəhşətli, budan qorxunc bir qansızlıq tanımıram. 
Ailəsini zorla dolandıran dədələrimiz məcbur qalıb papaqlardan vaz keçdilər. Çünki uşağının boğazından kəsdiyini “papaq vergisi” edib rusun boğazına tökür, cibinə axıdırdı. Təsəvvür edirsinizmi? Yayın qızmarında o papqdan vaz keçməyən dədə - babalarımız, qışın sazağında, qar- çovğununda o buxarı papaqlarımızdan vaz keçməli oldular. 
Ruslar bizim üzərimizdə dağlarımızı, dərələrimizi, çöl-bayırlarımızı alanda deyil, hətta onların üzərindəki bütün canlılara, nemətlərə sahib çıxanda deyil, babalarımızın başındakı buxarı papaqlara vergi qoyub, sonra o papaqları onların başında görməyəndə hakim oldular, hegomonluq göstərdilər. Onlar başımızda gədanı sultan göstərən papaqlarımızı görməyəndə, bizi əsir ala bildilər. Onlar bu papaqların heybətindəki, yaraşığındakı, formasındakı insana daxildən verdiyi ağalığı, qüruru, əfəndiliyi, aristokratlığı hiss edəndə, bu papaqların papaq yox, gerçək TAC olduğuna qənaət gətirdilər.  
Biz, imperiyaya heç vaxt tabe olmadıq və ola da bilməzdik. Yalnız o “papaq vergisi”ndən sonra biz qul, onlar ağa oldular.
Yenə bu sualı təkrarlamaq istəyirəm: ruslar nəyə görə papaqdan qorxurlar: daha dəqiqi, ruslar niyə insanımızdan deyil, papaqlarımızdan çəkinirlər?
Anladığım həqiqət bundan ibarətdir ki, insandan öncə onun dəyəri, mahiyyəti və kimliyi savaşır. Bir insan yox olubsa, ondan əvvəl onun dəyər və kimliyi yox olub. Bir insan əsarətə məhkum edilirsə, ondan öncə onun kimliyi və dəyəri əsr alınır. Bu gerçəklərin düsturunu bilsək də, bu gerçəklər faciəyə dönüşdükcə mahiyyətini sanki varlığımızdan aralı saxlayır. Bu millətin aparıcı xətti olan kişilik (kişi kultu, patriarxal əxlaq) ehkamı öz dəyərini həm də papaqda tapıb, öz kamını papaqdan alıb. O papaqlar əşya, mal - mülk kəhanətindən simvola qədər yüksəldilib, ucaldılıb. Sonra bu simvol mədəniyyət ədasıyla milli diriliş həşəmətini təvazökarlığa təslim edib. Bu təvazökarlıq millətin şüuraltı təlqinlərində sonsuz bir aristokratiyanın energetik təravətini yaşadıb. Millət vaxt-bivaxt o enerji qaynağından bəhərini götürüb, ilahi rabitəsini davam etdirmə çabasına aludə olub, vurulub, çarpılb, tutulub. Millət əşyada deyil, dəyərdə, mahiyyətdə yaşamağı, nəfəs almağı bilib və bildirib.  Bax, unudulmuş oxucu, imperiyalar, işğalçılar adi bir əşya deyəcəyin papaqdan məhz bu incə möhtəşəm savaş, mübarizə, özgürlük işarətini dərk etdiklərində qorxub, vaxt itirmədən ilk tədbirlərini almağı unutmayıblar. Demək, metafizik və milli gerçək varidatımızı biz yaradırıq, ancaq onu başqaları görür. Sonra isə kimisi bu varidatı başında gəzdirib zövq alır, kimisi o varidatı uçurub, dağıdıb, yox edib zövq alır, həzz duyğusuna qapılır. Bax, bu yerdə deyirlər, tarixin elə bir dönəmi gəlir ki, orda toplumlar və millətlər deyil, mədəniyyətlər də heç deyil, ancaq zövqlər və həzzlər üz-üzə dayanır. Sel olub axan qanlar görünməzliyini qoruyur. Fəlakətlər, qırğınlar, mahşərlər əsrlər ötəndən sonra öz yerində əsən ölüm rüzgarlarını, səmum yellərinin oxlarını millətlərin bağrında az qalır bəzək kimi görsətsin.
Var oluşumuz, dəyər və mahiyyətimizdə gizlənmişdir. O dəyərləri qorumağın, yaşatmağın və yüksəltməyin və inkişaf etdirməyin yolu o dəyəri hiss etmək, anlamqdır.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi