Naxçıvanda elektrikli avtomobillər istehsal olunacaq - Azərbaycanda bir ilk!

Hit: 1368
Naxçıvanda elektrikli avtomobillər istehsal olunacaq - Azərbaycanda bir ilk!
Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib.
 
“Cahan” Holdinq Kommersiya Şirkətlər İttifaqının Mətbuat Xidmətindən bildirilib ki, bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdən biri də elektrikli avtomobillərin Naxçıvan şəhərinə gətirilməsi və onların Naxçıvan Avtomobil Zavodunda istehsal şəraitinin yaradılması yolunda atılan addımlardır.
 
Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəliftəyinatlı və modellərdəki nümunələrinin muxtar respublikada istehsal olunması, Naxçıvanda maşınqayırma sənayesinin güclənməsinə, eləcə də iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Zavodun qarşısında yeni hədəflər var.
 
Avtomobil sektorunda olan inkişafla ayaqlaşmaq məqsədilə günümüzdə tələbatı artmaqda olan elektrikli avtomobillərin istehsalına başlanılacaq. Yüksək keyfiyyətli elektrikli avtomobillərin istehsalı üçün ilkin addımlar artıq atılıb, layihə üzərində işlərin təməli qoyulub. Belə ki, iyunun 13-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində, “Habtoor Palace” hotelində “Cahan” Holdinq KŞİ-nin Prezidenti Vüqar Abbasov və onu müşayiət edən nümayəndə heyəti ilə Çin Lifan şirkətinin Baş icraçı direktoru Danfer Deng və Çin Lifan şirkətinin Regional direktoru Çan Kayın nümayəndə heyəti arasında görüş keçirilib.
 
Görüşdə “Cahan” Holdinq KŞİ tərəfindən qurumun vitse-prezidenti Pərviz Abbasov, “Cahan” Holdinq KŞİ Birləşmiş Ərəb Əmirliyi ofisinin rəhbəri Rasim Məmmədov, “Cahan” Motors MMC-nin direktoru Adil Axundov, Naxçıvan Avtomobil Zavodunun icraçı direktoru Səxavət Hümbətov iştirak ediblər. Görüş zamanı Naxçıvan Avtomobil Zavodunda elektrikli avtomobillərin istehsalı üçün yenidənqurma və infrastrukturun yaradılması şəraitinin şərtləri müzakirə edilib, yaxın gələcəkdə 2 növ elektrikli və 1 növ yanacaqla işləyən avtomobillərin Naxçıvan Avtomobil Zavodunda istehsalı üçün razılıq əldə olunaraq anlaşma protokolu imzalanıb.
 
Danışıqlar zamanı Çin Lifan şirkətinin Regional direktoru Çan Kayın Naxçıvana gəlişi, Naxçıvan Avtomobil Zavodunda  ediləcək dəyişikliklər və lazımı infrastrukturun qurulması üçün layihələr hazırlanması planlaşdırılıb.
 
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.








Redaktorun seçimi