Beynəlxalq Agentliyin əməkdaşı Əkinçilik İnstitutunda - FOTOLAR

Hit: 522
Beynəlxalq Agentliyin əməkdaşı Əkinçilik İnstitutunda - FOTOLAR
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşı Muhammad Zaman Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi heyəti ilə görüşüb.
 
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mətbuat xidmətindən FAKTOR.AZ-a verilən məlumata görə, kənd təsərrüfatında nüvə texnologiyasının tətbiqi imkanlarını araşdırmaq üçün Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşı, pakistanlı ekspert Mohammad Zaman Əkinçilik Elmi-Tədqiqat İnstitutuna baş çəkib və institutun elmi heyəti ilə görüş keçirilib. 
 
“Taxıl bitkilərinin seleksiyası və yetişdirilməsində nüvə texnologiyası və müvafiq metodların tətbiqi” mövzusunda təqdimatla çıxış edən Mohammad Zaman seleksiya işlərində nüvə texnologiyasının tətbiqi təcrübəsindən, təklif edilən texnologiyanın seleksiya prosesinin qısaldılmasında rolu və əldə edilmiş nəticələr barədə məlumat verib.
 
Görüşdə iqlim dəyişikliyi fonunda torpaq, su və qida maddələrinin idarə edilməsinə yönəlmiş yeni texnologiyaların rolu xüsusilə vurğulanıb. Bildirilib ki, heç bir nümunə götürmədən torpağın vəziyyətini, onun münbitliyi, şoranlığı və aşınma dərəcəsini dəqiqliklə müəyyən edən yeni texnologiyalar yaradılıb. Dronlara və yaxud digər hərəkətedici vasitələrə quraşdırılmış qurğuların istifadəsilə əldə edilən məlumatı GPS vasitəsilə analiz üçün kompüterə ötürür və həmin məlumatlar əsasında əkin sahəsinin vəziyyəti dəqiq müəyyən edilir.
 
Təqdimat ətrafında müzakirələr iki istiqamətdə aparılıb: 
 
1. Taxıl bitkilərinin seleksiyasında nüvə texnologiyalarının tətbiqinin üstünlükləri;
 
2. torpaq, su və qida maddələrinin idarə edilməsində müvafiq metodlardan istifadə.
 
Müzakirələrin yekunu olaraq çəltik bitkisi üzrə resursların idarə edilməsində AEBA-nın təklif etdiyi müvafiq metodların cari ildə tətbiq edilməsinə başlanılması barədə razılıq əldə olunub. Taxıl bitkilərinin seleksiyasında nüvə texnologiyasının tətbiqi fəaliyyətlərinin isə Azərbaycanla Pakistan arasında imzalanmış Anlaşma Memorondumu çərçivəsində davam etdirilməsi tövsiyə olunub.
1
1
1








Redaktorun seçimi