Belaruslu rəsmilər Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub

Hit: 486
Belaruslu rəsmilər Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub
Belarus Milli Elmlər Akademiyasının müxbir üzvü əməkdaşlıq təklifi əsasında Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub.
 
Faktor.az xəbər verir ki, Belarus Respublikası “Soya-Mərkəzi” Elmi-İstehsalat Birliyinin baş direktoru və təsisçisi, Belarus Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Oleq Georgiyeviç Davıdenko əməkdaşlıq təklifi əsasında Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub. İki günlük görüşdə institutun direktoru Faiq Xudayev və elmi əməkdaşları iştirak ediblər. 
 
F.Xudayev institut haqqında, qurumun mandatına daxil olan soya bitkisi üzərində aparılan elmi-tədqiqat işləri və yaradılan sortlar haqqında ətraflı məlumat verib.
 
O.G.Davıdenko rəhbərlik etdiyi şirkət haqqında məlumat verərək bildirib ki, mütəxəssislərimiz 40 ildir ki, soya, günəbaxan və digər bitkilərin seleksiyası və toxumçuluğu ilə məşğul olurlar. O qeyd etdi ki, Belarus alim və mütəxəssislərinin yetişdirdiyi sortlar hal-hazırda Böyük Britaniya, Polşa, Belarus və Rusiyada Kalininqraddan Amur bölgəsinə qədər ümumilikdə 150 min hektardan çox ərazilərdə əkilir. Eyni zamanda yeni yaradılan soya sortlarının Çexiya və Qazaxıstanda dövlət sort sınaqları aparılır. 
 
Qonaq diqqətə çatdırıb ki, onun elmi rəhbərliyi altında yetişdirilmiş soya sortları Belarusda rayonlaşıb, altı növ Avrasiya İqtisadi Birliyi kataloquna daxil edilib və iki sort isə Böyük Britaniyada sənaye əhəmiyyətli olaraq  istifadə olunur.
 
Görüşün məqsədinə uyğun olaraq tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən “Soya-Mərkəzi” Elmi-İstehsalat Birliyinin soya və günəbaxan seleksiya materialının Azərbaycanın müxtəlif torpaq iqlim bölgələrində istifadə imkanlarının qiymətləndirilməsi” layihəsi çərçivəsində həyata keçiriləcək. 
 
Tərəflər arasında soya bitkisinin müxtəlif genotiplərinin becərilmə texnologiyası, seleksiyası, genetik analizləri, torpaq iqlim şəraiti nəzərə alınmaqla yeni sortların birgə yaradılması istiqamətində müzakirələr aparılıb. Növbəti mərhələdə soya, günəbaxan bitkisinə aid elmi-tədqiqat işlıərinin birgə aparılması, toxum mübadiləsi və kadr hazırlığı haqqında əməkdaşlıq məsələləri də planlaşdırılıb. 
 
Əkinçilik ET İnstitutu tərəfindən 35 sayda nümunə Belarusun müxtəlif torpaq iqlim şəraitində öyrənilməsi üçün verilib. 
 
“Soya-Mərkəzi” Elmi-İstehsalat Birliyi tərəfindən 
 
1) hər biri 1000 toxum olmaqla 50 ədəd miqdarında sortarası hibridlər; 
 
2) hər biri 50 toxum olmaqla 10 ədəd miqdarında rayonlaşdırılmış sortlar; 
 
3) hər biri 1000 toxum olmaqla 5 ədəd miqdarında yeni xətlər; 
 
4) hər biri 500 qram olan üç günəbaxan hibridi Əkinçilik ET İnstitutuna göndərilməsi nəzərə alınıb. 
 
Göndərilən materiallar Azərbaycanın müxtəlif bölgələrində əkiləcək və onların ekoloji-iqtisadi uyğunluğu qiymətləndiriləcək. Gələcəkdə yaradılacaq soya sortları yüksək proteinli, ekoloji amillərə davamlı və tez yetişən sortlar olacaq. Bu sortlar yazda əkilməklə bərabər taxıl sahələri biçildikdən sonra ikinci təkrar əkin kimi əkilməsi də mümükün olacaq. Bu isə gələcəkdə soya xammalına olan tələbatın daxili imkanlar hesabına ödənilməsilə yanaşı torpaqların əkin qatını yaxşılaşdıracaq.
 
Tərəflər birgə fəaliyyətlə bağlı elmi nəşrlər, materiallar, elmi-praktiki tədbirlər haqqında məlumatları mübadilə edəcəklər.








Redaktorun seçimi