Əkinçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq əlaqələrini davam etdirir

Hit: 672
Əkinçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq əlaqələrini davam etdirir
Əkinçilik ET İnstitutunun nümayəndələri əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyində olublar. 
 
Pressa xəbər verir ki, görüşdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, direktor müavini Nizami Hümmətov, elmi əməkdaşlardan Yasin Kərimov, Sevindik Dünyamalıyev, Rasib Zeynalov, Laçın Novruzov, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin direktor müavini Əhliman Verdiyev və digər nümayəndələr iştirak ediblər.  
 
Tərəflər rəhbərlik etdikləri qurumun fəaliyyət istiqamətləri və görülmüş işlər barədə ətraflı məlumat veriblər. Faiq Xudayev diqqətə çatdırıb ki, bu gün Əkinçilik Elmi-Tədqiqat İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərcimək), yem (yonca, xaşa) bitkilərinin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı, otlaq və biçənəklərin məhsuldarlığının artırılması, yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi kimi geniş və əhatəli məqsəd durur. İnstitutda buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində bərk və yumşaq buğdaların, arpanın, qarğıdalının, noxudun, mərciməyin, yonca və xaşanın seleksiya və toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə  bağlı tədqiqatlar aparılır. Faiq Xudayev daha sonra qarşıda duran vəzifələr çərçivəsində aktual məsələlərə də toxunub. 
 
Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin əsas fəaliyyətini diqqətə çatdıran direktor müavini Əhliman Verdiyev meliorasiya və su təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, müvafiq meliorativ və hidrotexniki tədbirlərin işlənib hazırlanmasından və istehsalata tətbiqindən bəhs edib. O, elmi-tədqiqatların əsas istiqamətlərinin respublikanın arid zonaları üçün torpaq qruntlarının su-duz rejiminin tənzimlənməsi üsullarının və vasitələrinin işlənib hazırlanması, torpaq və su ehtiyatlarının səmərəli istifadəsini təmin edən yeni meliorativ qurğuların yaradılması, torpaq qruntların su-duz rejiminin səmərəli idarə olunması, suvarma texnikasının təkmilləşdirilməsi və sudan istifadənin normalaşdırılması və s. məsələlərə aydınlıq gətirib. 
 
Sonra tərəflər əməkdaşlıq çərçivəsində müvafiq aktual məsələlər üzrə müzakirələr aparıblar. Görüşdə işçi qrupu yaradılıb, Yasin Kərimov və Mirzə Qurbanov qrup rəhbərləri təyin təyin ediliblər.








Redaktorun seçimi