Naxçıvanda bitki yağları istehsal ediləcək

Hit: 421
Naxçıvanda bitki yağları istehsal ediləcək
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin əməkdaşları Şərur Rayon İcra Hakimiyyəti ilə birgə rayonun Düdəngə kəndində seminar-müşavirə keçirib. Ailə təsərrüfatçılarının iştirak etdiyi tədbirdə qarğıdalı və günəbaxan əkinlərinin əhəmiyyətindən və iqtisadi səmərəsindən söhbət açılıb.  
 
Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Miryasin Seyidov bildirib ki, Şərur rayonu qarğıdalı və günəbaxan bitkilərinin əkilib becərilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik olduğu üçün rayonda bu bitkilərin məhsuldarlığının yüksəldilməsinə diqqət xeyli artırılıb. Tikintisi davam etdirilən Şərur Sənaye Məhəlləsində günəbaxan və qarğıdalı bitkilərindən yağ emal müəssisəsi də yaradılır. İqtisadi səmərəliliyini nəzərə alaraq bu il rayonda bu cür yağlı bitkilərin əkinlərinin genişləndirilməsi də nəzərdə tutulur.
 
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov və İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov çıxış edərək bildiriblər ki, 2022-ci ildə muxtar respublikamızda yerli xammal hesabına qarğıdalı və günəbaxan yağı da istehsal ediləcək. Bunun üçün xammal ehtiyatının yaradılması da qarşıda duran əsas məsələlərdəndir. Diqqətə çatdırılıb ki, sahələrdən bol məhsul götürmək üçün keyfiyyətli toxum tədarük edilməli, dərmanlanmalı, əkin optimal müddətlərdə həyata keçirilməlidir.
 
Tədbirdə digər çıxış edənlər qarğıdalı və günəbaxan sahələrində xəstəlik və ziyanvericilərə qarşı mübarizə məqsədilə aparılacaq tədbirlərdən, son illər muxtar respublikamıza gətirilən yeni texnikaların və texnoloji avadanlıqların məhsuldarlığın artırılmasındakı rolundan bəhs ediblər. 
 
Tədbirdə ailə təsərrüfatçılarını maraqlandıran suallar cavablandırılıb, qarğıdalının və günəbaxanın əkini və iqtisadi səmərəsi barədə hazırlanan məlumat kitabçaları təsərrüfatçılara paylanılıb.
 
 
NUHÇIXAN İnformasiya Agentliyi 

NUHÇIXAN İnformasiya Agentliyi 









Redaktorun seçimi