Ölkənin ən böyük suvarma kanalında işlər davam edir

Hit: 497
Ölkənin ən böyük suvarma kanalında işlər davam edir
Yuxarı Qarabağ Kanalı respublikanın 6 rayonunun ərazisindən keçməklə 11 rayona xidmət edir. Kanala Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi tərəfindən xidmət edilir. Torpaq məcralı olan kanalın uzunluğu 172,4 kilometrdir. Yuxarı Qarabağ Kanalı mənbəyini Mingəçevir Su Anbarından öz axımı ilə götürür. Mütəxəssislərin sözlərinə görə, anbarda suyun həcmi ötən illə müqayisədə xeyli artıb.
 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Faktor.az-a bildirib ki, kanalda ilin bütün fəsillərində təmizlənmə işləri aparılır. Bu işlərə əsasən daxili hissələrin lildən, yamacların isə kol-kosdan təmizlənməsi aiddir. Kanalın lildən təmizlənməsi üçün kanalın keçdiyi müxtəlif rayonların ərazilərinə texnikalara cəlb olunub. Eyni zamanda, kanalda bənd bərkitmə və hazırda kanalın Bərdə rayonundan keçən hissəsində su itkisinin qarşısının alınması və minimuma endirilməsi istiqamətində yamaclara beton üzlük çəkilir.
 
Növbəti suvarma mövsümünə hazırlıq məqsədilə hazırda Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin ekskovator və digər ağır texnikaları kanalın keçdiyi Yevlax rayonunun Qaraməmmədli kəndi ərazisində gücləndirilmiş iş rejimində çalışır. Bu hissədə torpaq bənd sol sahildə alçaq və ensiz olduğundan həmin yerlərə torpaq daşınır. Bu da növbəti suvarma mövsümündə su sızmalarının qarşısını alacaq.
 
Qeyd edək ki, Yuxarı Qarabağ Kanalından Araz çayına su verilir ki, bu da Araz çayı ətrafında yerləşən 5 rayonu su çatışmazlığından xilas edir. Qarabağ kanalı strateji cəhətdən mühüm əhəmiyyətli dövlət obyekti hesab olunur.








Redaktorun seçimi