Macarıstanlı qonaqlar Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar

Hit: 483
Macarıstanlı qonaqlar Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar
Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin bir qrup nümayəndəsi tanışlıq və gələcəkdə elmi əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar.
 
Faktor.az xəbər verir ki, görüşdə institutun direktoru Faiq Xudayev, direktor müavinləri, laboratoriya və şöbə müdirləri iştirak ediblər.
 
Görüş zamanı institutun tarixi, fəaliyyət istiqamətləri, mandatına daxil olan bitkilər, aparılan elmi-tədqiqat işləri, tədqiqat prioritetləri və hədəflərdən söz açılıb. F. Xudayev diqqətə çatdırıb ki, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün institut böyük elmi potensiala malikdir.
 
Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat Stansiyasının rəhbəri, aparıcı mütəxəssis, PhD Melinda TAR öz növbəsində universitetin tarixi haqqında məlumat verib. O bildirilib ki, universitet 2000-ci ildə bir neçə kiçik institutun birləşməsindən sonra yaranıb. Macarıstanın paytaxtı Budapeşt şəhərindən təxminən 30 km məsafədə yerləşən texnoloji universitetdir. Universitetdə kənd təsərrüfatı və ətraf mühit elmləri də daxil olmaqla 8 fakültə var. Burda təxminən 15000 tələbə təhsil alır.
 
Görüşdə kənd təsərrüfatı sahəsində institutlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Müzakirələrdə aqrar təhsil, aqrar tədqiqatlar və digər istiqamətlər üzrə texnologiya mübadiləsi barədə əməkdaşlıq məsələlərinə də toxunulub. Sonra ilk görüşün nəticələrini yüksək dəyərləndirən tərəflər əməkdaşlığa dair iş birliyinin qurulması barədə ilkin razılaşma əldə ediblər.
 
Görüş iştirakçıları həmçinin laboratoriyalara, genbanka, elmi muzey və kitabxanaya baxış keçiriblər, instutut tərəfindən yaradılan sortlar haqında məlumatları özündə əks etdirən nəşrlərlə tanış olublar.
 
Hər iki tərəf görüşün nəticələrindən məmnunluq duyduqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.








Redaktorun seçimi