ASA Türkiyədə razılığa gəldi

Hit: 609
ASA Türkiyədə razılığa gəldi

ASA-nın Türkiyəyə ilk işgüzar səfəri uğurla yekunlaşıb

Azərbaycan Sığortaçılar Assosiasiyası Türkiyəyə ilk işgüzar səfərini həyata keçirib.
 
ASA-dan Faktor.az-a  verilən məlumata görə, işgüzar səfər ASA ilə Türkiyə Sığorta Birliyi arasında imzalanmış Memorandum çərçivəsində baş tutub. Səfər müddətində ASA-nın İcraçı direktoru Elmar Mirsalayev və Assosiasiyanın nümayəndə heyəti qardaş ölkənin müxtəlif sığorta təşkilatları və şirkətləri ilə görüşlər keçirərək Türkiyənin sığorta təcrübəsi ilə yaxından tanış olublar.
 
Səfər çərçivəsində Türkiyə Sığorta Birliyinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında sığorta sahəsində münasibətlərin formalaşdırılması, eyni zamanda kadr və təcrübə mübadiləsi istiqamətində imkanlar müzakirə edilib. TSB sədri Atilla Benli ASA rəhbərliyini 2022-ci ildə İstanbulda keçiriləcək ənənəvi “Sığorta həftəsi”nə fəxri qonaq olaraq dəvət etdiyini bildirib.
 
Artıq 1 ildir ki, ölkəmizdə yerli sığorta bazarı iştirakçılarının kadr potensialının təkmilləşdirilməsi, eyni zamanda sığortaçıların bilik və bacarıqlarının artırılması istiqamətində kütləvi təlimlər təşkil edən Türkiyə Sığorta İnstitutu Vəkfinin (TSEV) rəhbərliyi ilə də görüş keçirilib. Görüşdə yerli bazarın tələbatına uyğun olaraq növbəti mərhələdə təşkil olunacaq yeni təlimlərin istiqamətlərinin müəyyənləşdiriləcəyi ilə bağlı razılığa gəlinib.
 
Səfərdə eyni zamanda Türkiyədə həyat sığortası, qeyri-həyat sığortası və təkrarsığorta seqmentləri üzrə fəaliyyət göstərən sığorta şirkətləri ilə də görüşlər keçirilib. Bu görüşlərdə qardaş ölkənin sığorta bazarında tətbiq edilən trendlər və müşahidə olunan tendensiyalarla bağlı məlumat ASA təmsilçilərinə təqdim olunub. Şirkətlərlə təşkil olunan görüşlərin yekununda təcrübə-məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə ölkəmizdə müvafiq istiqamətlər üzrə çalışan sığortaçıların Türkiyə sığorta mütəxəssisləri ilə zoom-görüş və vebinarların təşkil olunacağı ilə bağlı razılıq əldə olunub.
ASA-nın məlumatına görə, dünya təcrübəsinin öyrənilməsi və yerli bazarda tətbiq olunması məqsədi ilə təşkil olunan bu kimi səfər və tədbirlər növbəti mərhələdə də davamlı şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, 2020-ci ilin 21 dekabr tarixində Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.








Redaktorun seçimi