Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təşkilata üzv seçildi - İLK DƏFƏ

Hit: 480
Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təşkilata üzv seçildi - İLK DƏFƏ
Azərbaycan Sığortaçılar Assosiasiyası Sığorta Assosiasiyalarının Qlobal Federasiyasına (GFIA) üzv seçilib.
 
ASA-dan Faktor.az-a verilən məlumata görə, katibliyi Brüssel şəhərində yerləşən Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının ötən gün keçirilən növbəti iclasında gündəlikdə duran məsələlərdən biri məhz Azərbaycan Sığortaçılar Assosiasiyasının Federasiyaya üzvlüyü ilə bağlı olub.
 
Keçirilən səsvermə nəticəsində ASA-nın Federasiyaya üzvlüyü yekdilliklə dəstəklənib. Bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasının ilk dəfə beynəlxalq quruma üzvlüyü gerçəkləşib.
 
Məlumat üçün bildirək ki, ASA Sığorta Assosiasiyalarının Qlobal Federasiyasına üzv olmaqla GFIA-in Baş Assambleyalarında ildə iki dəfə iştirak, “Insurance Europe” illik konfransında iştirak, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (IAIS) illik konfransında iştirak, təkrarsığorta ilə bağlı həlledici əhəmiyyətə malik məsələlər üzrə IAIS, OECD və digər beynəlxalq təşkilatlarla məlumat mübadiləsi və müzakirələrin aparılması, dünya sığortaçılarına aid hesabatların və xəbərlərin həftəlik “digest” təqdimatını əldə etmək, beynəlxalq sorğularda iştirak etmək, digər üzv assosiasiyalarla əlaqələrin qurulması, Brüsseldə yerləşən katibliyin inzibati dəstəyini əldə etmək və s. kimi imkanlara sahib olmuş olur.
 
Qeyd edək ki, Sığorta Assosiasiyalarının Qlobal Federasiyası 2012-ci ilin oktyabr ayında Vaşinqtonda sığorta assosiasiyalarının görüşündə yaradılıb. Federasiya, qeyri-rəsmi olaraq 2008-ci ildən fəaliyyət göstərən Beynəlxalq Sığorta Assosiasiyaları Şəbəkəsini (INIA) əvəz edir. Federasiyaya 66 ölkədən 43 üzv, 1 müşahidəçi daxildir.
 








Redaktorun seçimi