KOBİA "Rebuild Karabakh" sərgisində

Hit: 303
KOBİA "Rebuild Karabakh" sərgisində
Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi öz işinə başlayıb. 
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgini dəstəkləyən qurumlardandır və sərgidə xüsusi stendlə təmsil olunur. KOBİA-nın stendində işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşunda və biznes layihələri həyata keçirməkdə maraqlı olan yerli və xarici iş adamlarının müraciətləri yerində qəbul edilir. Stenddə həmçinin, müvafiq istiqamətdə KOBİA-ya daxil olan müraciətlərə dair məlumatlandırıcı lövhə yerləşdirilib. Məlumat üçün bildirək ki, indiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 800-dən çox müraciət daxil olub ki, bu müraciətlərin 240-a yaxını 30 ölkədən olan xarici investorlar tərəfindən təqdim edilib. Agentliyin stendində əməkdaşlıqda maraqlı olan yerli və xarici iş adamlarının görüşü üçün müvafiq şərait də yaradılıb.  
 
Həmçinin, KOBİA-nın stendində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində KOBİA, TÜİB və TİKA təşkilatlarının birgə dəstəyi ilə həyata keçirilən suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən dövlətin güzəştli kreditləri barədə də məlumat verilir. 
 
Qeyd edək ki, ilk dəfə olaraq keçirilən "Rebuild Karabakh" sərgisində 20-yə yaxın ölkədən 280-ə yaxın yerli və xarici şirkətlər iştirak edir. Sərgidə Qarabağın inkişafı üçün səmərəli məhsul, layihə və həllər nümayiş olunur. "Rebuild Karabakh" sərgisi oktyabrın 22-dək davam edəcəkdir.







Redaktorun seçimi