Nazir toxum yarmarkasında iştirak etdi - VİDEO

Hit: 2074
Nazir toxum yarmarkasında iştirak etdi - VİDEO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Budəfəki sərgi-satış yarmarkası Saatlı rayonunda təşkil olunub.
 
Yarmarkaya Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər qatılıblar.
 
Sərgi-satış yarmarkasında iştirak edən Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, əsas məqsəd bol məhsulun əldə olunması və bu istiqamətdə lazımi tədbirlərin görülməsidir. Bu məqsədlə müxtəlif bölgələrdə satış yarmarkaları keçirilir və istehsal olunan ən məhsuldar yerli sortlar nümayiş etdirilir. Burada digər bir amil isə toxumçu şirkətlər ilə fermerlərin əlqələrinin təmin olunmasıdır.
 
Yarmarkada 30-dan çox toxumçu fermer, özəl şirkətlər iştirak edir. Saatlı, Sabirabad, Hacıqabul, Tovuz və digər ətraf rayonlardan olan fermer və toxumçular yerli sortların təqdimatlarını həyata keçirlər. Ümumilikdə isə sərgi yarmarkasında 20-dən çox yerli sortun toxumu nümayiş etdirilir. Sərgi-yarmarka çərçivəsində, “Milli toxum ehtiyatının inkişafı”, “Xaricdən toxum asılılığını azaltmaq”, “Maksimum dəyər yaradan, təkmilləşmiş sortların toxumunun tez bir zamanda əkin dövriyyəsinə cəlb edilməsi”, “Özəl toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi üçün sabit çərçivənin yaradılması” və digər mövzular üzrə müzakirələr aparılıb.
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında söyləyib ki, payız əkin kampaniyası öncəsi toxuma tələbat artdığı üçün Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə regionlarda sərgi-satış yarmarkaları keçirilir. Bu sərgi Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə gerçəkləşir. Sərgi təşkil edilən bölgələr əsasən taxılçılığın daha çox inkişaf etdiyi rayonlardır. Dördüncü yarmarkadır ki, Saatlıda təşkil olunur. Əsas məqsəd məhsuldar yerli sortların nümayişi vasitəsilə taxılçılıqda yüksək məhsuldarlığın təmin edilməsidir. Həmçinin payız əkini kampaniyası öncəsi keçirilən bu sərgi sayəsində yerli toxumların fermerlərə tanıdılmasını və əlçatanlığını təmin etmək əsas amillərdəndir.
 
Sərgidə iştirak edən toxumçuluq şirkətləri də bu kimi tədbirləri müsbət hesab etdiklərini söyləyirlər. Bildirirlər ki, belə sərgilər sayəsində məhsuldar yerli sortların fermerlərə nümayişi daha asan olur.
 
Yarmarkada iştirak edən toxumçu sahibkar İqbal Əliyev deyir ki, yerli sortların nümayişində məqsəd bu sortların iqlim şəraitinə uyğunlaşması, həmçinin məhsuldar olmasıdır.
 
Digər sahibkar Adil Adilov uzun illərdir toxumçuluqla məşğul olduğu üçün sərgidə iştirak etdiyini və belə yarmarkaların əhəmiyyətli olduğunu bildirir. Sərgidə 4 sort nümayiş etdirən sahibkar deyir ki, onlardan ikisi buğda, ikisi isə arpadır. Nəticələr barədə danışan sahibkarın sözlərinə görə, bu il həmin yerli sortlar hesabına arpa sahələrindən 43-45 sentner, buğda zəmilərindən isə 45-48 sentner məhsul yığa bilib.
 
Qeyd edək ki, yarmarkalar ümumilikdə ölkənin 6 bölgəsində təşkil olunur. Növbəti yarmarka sentyabrın 10-da Cəlilabadda, sentyabrın 13-də isə Xaçmazda keçiriləcək. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
 
 








Redaktorun seçimi