Pərviz Şahbazov nazirlərin dəyirmi masasında iştirak edib

Hit: 239
Pərviz Şahbazov nazirlərin dəyirmi masasında iştirak edib
Sentyabrın 6-da neft hasil edən ölkələr arasında “Əməkdaşlıq Xartiyası” çərçivəsində “Enerji, iqlim və davamlı inkişaf” mövzusunda nazirlərin dəyirmi masası keçirilib. Videokonfrans formatında baş tutmuş tədbirə nazirlər, yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla 100-ə yaxın iştirakçı qatılıb.
 
Yüksək vəzifəli rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə energetika naziri Pərviz Şahbazov da çıxış edib. Çıxışda ölkəmizdə elektrik enerjisi istehsalında daha səmərəli texnologiyaların tətbiqi, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinə nail olunması və istixana effekti yaradan qaz emissiyalarının azaldılması üzrə görülmüş işlər barədə məlumat verilib. "Təmiz ətraf mühit"ə nail olmaq və "yaşıl inkişaf" ölkəsinə çevrilməyin 2030-cu ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafa dair beş Milli Prioritetindən biri kimi müəyyənləşdirilməsinin Azərbaycanın enerji keçidi prosesinə bağlılığının göstəricisi olduğu vurğulanıb. 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəmizlə işğaldan azad edilmiş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edildiyi, hazırda müvafiq konsepsiya və baş planın hazırlanmaqda olduğu diqqətə çatdırılıb: “Əsas məqsədimiz bu ərazilərin elektrik enerjisinə olan tələbatını bərpa olunan enerji mənbələri hesabına ödəməkdir”- deyə Pərviz Şahbazov bildirib.
 
Qeyd edək ki, tədbirdə Azərbaycan tərəfindən nümayəndə heyətinin tərkibində Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.







Redaktorun seçimi