“İqtisadi artım” kitabı Pakistanda təqdim olunub

Hit: 569
“İqtisadi artım” kitabı Pakistanda təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının "İqtisadi artım" kitabı Pakistanın İqtisadi İnkişafı İnstitutunda (PIDE) təqdim olunub. Təqdimat zamanı iqtisadi artımı sürətləndirmək çağırışı ilə üzləşən Pakistanın aparıcı beyin mərkəzində ilk növbədə artım diaqnostikası məsələsinə toxunulub. Qeyd olunub ki, Hausman, Rikardo və Velasko “Artım diaqnostikası” məqaləsində analitik çərçivə yaradaraq hər bir ölkədə iqtisadi artıma mane olan əsas səbəbləri müəyyənləşdirməyə imkan verən alət formalaşdırıblar və belə qənaətə gəliblər ki, islahatlar iqtisadi artıma mane olan əsas məhdudiyyətləri hədəf almaqla uğurlu ola bilər. İqtisadi artımın diaqnozu qoyulduqdan sonra Harvard Universitetində işlənilmiş metodologiya - problemin hərəkətə keçirdiyi iterasiya olunan adaptasiya (PDIA) yanaşması tətbiq oluna bilər. Əgər artım diaqnostikası problemin mahiyyətinə varmaq və həlledici məhdudiyyətləri tapmağa kömək edirsə, PDIA problemdən çıxış yolunu müəyyənləşdirir. Həmçinin qeyd edilib ki, Gallup-ın tədqiqatları iqtisadi artıma yeni rəng qatıb: davranış iqtisadiyyatı yüksək artım və gəlirliliyin təmin edilməsində mühüm rol oynayır. Tədbir zamanı “artım kubik-rubiki” təqdim olunub, iqtisadi artımın institutsional, texnoloji, insan kapitalı və başqa istiqamətlərdən təhlili verilib. 
 
V.Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan iqtisadiyyatı üç dəfədən də çox böyüməklə regionda iqtisadi, siyasi və hərbi üstünlüyümüzün maddi əsasını təmin edib, ən islahatçı ölkə statusuna yüksəlib, rifah yaxşılaşıb, həmçinin, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində mühüm haba və mədəniyyətlərarası dialoq məkanına çevrilib. Qarşıdakı hədəf növbəti 10 ildə Azərbaycan iqtisadiyyatını daha iki dəfə böyütmək və dövlət və cəmiyyət olaraq əldə etdiyimiz nailiyyətləri daha da möhkəmləndirməklə, yeni uğurlara imza atmaqdır. V.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin yaratdığı iqtisadi islahatların idarəedilməsi modeli xüsusən inkişaf etməkdə olan ölkələr tərəfindən öyrənilir.
 
Tədbirin sonunda V.Qasımlı Pakistan elmi ictimaiyyətinin iqtisadi artım mövzusunda müxtəlif suallarına cavab verib və müzakirələr olub. Eyni zamanda Pakistanın İqtisadi İnkişafı İnstitutunda hazırlanan “PİDE islahat gündəliyi: Yüksək və davamlı artım” təhlil materialı da təqdim olunub. Pakistanın İqtisadi İnkişafı İnstitutunun rəhbəri Dr.Nadim ul Haqq Azərbaycan və Pakistanın elmi ictimaiyyəti və beyin mərkəzlərinin əməkdaşlığı çərçivəsində təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.  
 
Qeyd edək ki, Vüsal Qasımlının “İqtisadi artım” kitabına Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarı ilə dərslik statusu verilib. “İqtisadi artım” kitabı Azərbaycanın aparıcı korporativ bankı olan “PAŞA Bank”ın maliyyə dəstəyilə nəşr edilib.







Redaktorun seçimi