Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb, qeyri-neft sektoru davamlı inkişaf edir

Hit: 994
Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb, qeyri-neft sektoru davamlı inkişaf edir
Prezident İlham Əliyevin ölkəmizin qərb rayonlarına səfəri bir daha göstərdi ki, regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir.
 
Faktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
 
Deputat deyib: “Dövlətimizin başçısının regionlara müntəzəm səfərlərinin əhəmiyyətindən danışarkən qeyd etmək lazımdır ki, belə səfərlər zamanı regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır. Bu səfərlər çərçivəsində istifadəyə verilən obyektlər regionların hərtərəfli inkişafına xidmət edir. Belə ki, digər sahələrlə yanaşı, ölkəmizdə idmanın və turizmin inkişafına xüsusi diqqət yetirilir. Goranboy rayonunda yeni istifadəyə verilən kompleks də nəzərə alınmaqla hazırda ölkəmizdə 48 idman kompleksi fəaliyyət göstərir. Rayonlarımızın əksəriyyətində ən müasir idman kompleksləri mövcuddur”.
 
O qeyd edib ki, hazırda turizmin inkişaf etdirilməsi tədbirləri çərçivəsində Naftalan şəhərinin turizm mərkəzlərindən birinə çevrilməsi üçün böyük işlər görülür. Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır və bu regionu turistlər üçün daha cəlbedici edir. Turizm sahəsinə böyük investisiyalar cəlb olunub və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Qərb rayonlarında kənd təsərrüfatının inkişafı üçün də böyük işlər görülüb. Şəmkir su kanalı çəkilib və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi olub.
 
Bu gün ölkəmizdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edildiyini söyləyən deputat bildirib ki, Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilib, yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir.
 
Jalə Əhmədova ötən altı ayın yekunlarından da danışaraq bildirib ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb və ölkə iqtisadiyyatı 2 faiz artıb. Bununla yanaşı, qeyri-neft sektoru da davamlı inkişaf edir. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Kənd təsərrüfatında əldə olunmuş 5,6 faiz artım da çox əhəmiyyətlidir. Qərb rayonlarının inkişafından danışarkən, qeyd etmək lazımdır ki, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi də iqtisadiyyatımızın inkişafı baxımından önəmli hadisədir. Çünki qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir və Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı da işlər aparılır.
 
“Hazırda biz Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa işləri görürük. Azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaq. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsinin icrasına başlanacaq. Təqdirəlayiqdir ki, 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox önəmli hadisə olmaqla yanaşı, başqa şirkətlər üçün də bir stimuldur.
 
Enerji sahəsindən başqa ikinci vacib sahə isə yol infrastrukturudur. Yollarla bağlı 8 ay ərzində böyük işlər görülüb. Çəkilən yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Strateji baxımdan və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.
 
Bütün bu görülən işlər bir daha göstərir ki, ölkəmizin qərb rayonları bundan sonra da Azərbaycan iqtisadiyyatının bir parçası olaraq onun inkişafında yaxından iştirak edəcək və bu sahəyə öz dəyərli töhfələrini verəcəklər”, - deyə deputat vurğulayıb.








Redaktorun seçimi