Sahibkara süni əngəl niyə yaradılır? - VİDEO - FOTOLAR

Hit: 3098
Sahibkara süni əngəl niyə yaradılır? - VİDEO - FOTOLAR

Sahibkar Anar Hüseynov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarından narazıdır.

Vətəndaş Oxu.Az-a şikayətində bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsi var, amma orada tikinti işi apara bilmir:
 
“Mənə məxsus ərazidə anbar tikmək istəyirəm. Bunun üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində olan Bakı Dövlət Layihə İnstitutunda layihə çəkdirdim və onu komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə göndərdim. Orada layihəmə baxılıb və bildirilib ki, düz çəkilməyib. Guya istinad planı topoqrafik əsas üzərində işlənməyib, mövcud kommunikasiyalar və mühafizə zonalarında xətlər göstərilməyib. Mən layihəni yenidən hazırladım və yenidən komitəyə göndərdim”.
 
Sahibkar iddia edir ki, birinci layihə çəkilən zaman nümayəndəsi Kənan Fərəcov Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini iсra edən Ramin Abdullayev ilə görüşüb:
“Həmin vaxt nümayəndəndən 20 min pul istənilib. Bildirilib ki, 20 min verək və layihəyə uyğun anbar tikək, amma biz də razılaşmadıq”.
 
A.Hüseynov iddia edir ki, vəsaiti ödəmədiyi üçün onlara tikinti üçün əngəl törədən cavab məktubları gəlib:
 
“Mən vəsaitlə razılaşmadıqda isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən cavab gəldi ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında paytaxtda tətbiq olunmuş ərazi planlaşdırma sənədlərindən, o cümlədən, Bakı şəhərinin Baş plan layihəsinə əsasən mərhələli şəkildə yol nəqliyyat infrastrukturunun yenidən qurulması və memarlıq həlli baxımından iri miqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulub ki, təklif olunan ərazinin planlaşdırılması sənədin tətbiqini məqsədə uyğun hesab etmirik. Mən də yenidən məktub yazıb xahiş etdim ki, Bakı şəhər Baş planın Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bir nüsxəsi göndərilsin.
 
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Ramin Abdullayev tərəfindən məktub göndərildi. Sənəddə bildirilib ki, Bakı şəhərinin Baş planın hazırlanması prosesinə başlanılıb və planın hazırlanmasının iki mərhələdə təşkil edilməsi nəzərdə tutulub. Sonuncu mərhələdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Məmurlar mövcud olmayan Baş planı səbəb gətirərək mənə rəd cavabı verirlər. Bu, qanunsuzluqdur. Mən istəyirəm ki, onların qanunsuz hərəkətlərinə qiymət verilsin”.
 
Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.
 
Komitədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10L ünvanında anbar binasının tikintisi ilə bağlı vətəndaş Anar Hüseynovun müraciətlərinə bir neçə dəfə cavab verilib:
 
“Bildirilib ki, qeyd edilən ərazidə anbar binasının inşası ərazi-planlaşdırma sənədlərinə, habelə Bakı şəhərinin hazırda işlənilməkdə olan yeni Baş planına əsasən məqsədəuyğun hesab edilmir. Yaxın gələcəkdə həmin ünvanda yol-nəqliyyat infrastrukturunun mərhələli şəkildə yenidən qurulması və memarlıq baxımından iri miqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.
 
“Qeyd edək ki, sifarişçinin ondan hər hansı ödənişin istənilməsi ilə bağlı iddiası əsassız və qanunaziddir. Belə ki, Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma mərkəzi tərəfindən göstərilən xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri Nazirlər Kabinetinin 10.01.2020-ci il tarixli 3 nömrəli Qərarına əsasən müəyyən olunur və yalnız bu sənəd əsasında sifarişçilər tərəfindən müvafiq ödənişlər edilir”, - deyə komitədən əlavə edilib.
1
1
1
1
1
1
1








Redaktorun seçimi