Qarabağa ağıllı qayıdış - Elvin Abbasovun ŞƏRHİ - VİDEO

Hit: 901
Qarabağa ağıllı qayıdış - Elvin Abbasovun ŞƏRHİ - VİDEO
İşğaldan azad edilmiş ərazilərdə qurulacaq "smart-city", "smart-village", yəni, "ağıllı şəhər", "ağıllı kənd" lər, ilk növbədə, dünyada baş verən qlobal cağırışlara cavab verəcək. Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcək, həm də digər regionlarımızda ağıllı şəhər-kənd texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynayacaq. Müasir dünyada ağıllı şəhərlərin yaradılması 4-cü sənaye inqilabına keçidi də müəyyən edir.
 
Mövzunun aktuallığını nəzərə alaraq İKT üzrə ekspert Elvin Abbasov Real TV-ə müsahibə verib.
 
Post-konflikt ərazilərində ən vacib məsələlərdən biri - ictimai təhlükəsizliyi artırmaq üçün "ağıllı-şəhər" həllərindən istifadə etmək olar. Bu, ərazidə potensial qaynar nöqtələrin müəyyənləşdirilməsi və cinayətlərin baş verməsinin qarşısını almaq üçün real vaxtda cinayəti xəritələşdirmək, silah səslərinin aşkarlanması və proqnozlaşdırıcı polis vasitələrini tətbiq etməkdir. Deyilənləri "Azərspace" peykinin təklif etdiyi xidmətlərdən istifadə etməklə reallaşdırmaq mümkündü.
 
İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması nəzərdə tutulub. Həmin ərazilərdə ağıllı şəhər həllərinin - elektrik istehlakının izlənməzi, ağıllı işıqlandırma, sensor küçə işıqları və sensor işıqforlar kimi texnologiyaların tətbiqi bir tərəfdən istixana qazı tullantılarının miqdarını, digər tərəfdən elektrik və istilik sərfini əhəmiyyətli dərəcədə azalda bilər.
 
Ağıllı şəhər həllərini ən çox tətbiq edən 5 şəhər Sinqapur, London, Amsterdam, Honq-Konq, Nyu-York həm də dünyanın əsas turizm mərkəzləridir. Deməli "ağıllı şəhər" texnologiyaları böyük potensiala malik Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkan yarada bilər. Bu aspektdən ilk olaraq pilot layihə kimi Şuşa şəhərinin "ağıllı şəhər" konsepsiyası çərçivəsində qurulması turizm potensialına əlavə üstünlük verəcək. Məsələn Şuşada interaktiv məlumatverici lövhələrin quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlər, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilər, intelektual nəqliyyat sistemi, "yaşıl" enerji istehsalının tətbiq olunması ilə ekoloji daha təmiz turizm məkanlarının mümkünlüyü həmin regiona xarici turist axınına şərait yaradacaq.
 
Yekun olaraq, "ağıllı şəhər" və "ağıllı kənd", texnologiyaların tətbiqi Qarabağ regionunu dünyanın süni intelekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-start up fabrikinə çevirə bilər.







Redaktorun seçimi