“Caspian Energy Club” növbəti “Online B2G forum” təşkil edib

Hit: 323
“Caspian Energy Club” növbəti “Online B2G forum” təşkil edib
Azərbaycan Respublikasının Dövlət Gömrük  Komitəsinin sədr müavini, general-mayor Cavad Qasımov “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “ Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. 
 
Bu barədə Faktor.az-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
 
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
 
Cavad Qasımov “Online B2G Forum” iştirakçılarını salamlayaraq  Müzəffər Azərbaycan Ordusunun Vətən Müharibəsində qazandığı şanlı qələbə münasibətilə tədbirdə iştirak edənlərin hər birini təbrik edib. O, həmçinin,  2021-ci ilin daha uğurlu olacağını və biznes subyektləri üçün daha əlverişli şəraitin yaradılacağını qeyd edib.
“Gömrük əməliyyatlarının təkmilləşdirilməsi sahəsində əsas hədəflərdən biri yeni tranzit sistemlərinə qoşulmaq yolu ilə mövcud tranzit əməliyyatlarının diversifikasiyasıdır. Bu istiqamətdə uğurlu layihələrdən biri olan - Avropanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulması prosesində Dövlət Gömrük Komitəsinə dəstək verilməsini nəzərdə tutan Tvinninq layihəsi həyata keçirilməkdədir. Bu məqsədlə artıq İtaliyadan olan mütəxəssislərlə əməkdaşlıq edilir. Bu ilin sonunadək layihə üzrə fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulub. Avropanın ümumi tranzit prosedurunun tətbiqi vahid gömrük sənədi və gömrük zəmanəti ilə malların Avropaya və əks istiqamətdə daşınması prosesinin sürətləndirilməsinə töfhə verməklə, bir tərəfdən ölkəmizin tranzit potensialının artırılmasına, digər tərəfdən isə “Made in Azerbaijan” brendinin Avropa bazarlarına çıxışı ilə bağlı daşımaların sadələşdirilməsinə xidmət edəcək.
 
Daha sonra C. Qasımov “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Cavad Qasımova təşəkkür edib. O, eyni zamanda Dövlət Gömrük Komitəsi və Caspian Energy Club arasında olan işçi qrupunun operativ fəaliyyətini qeyd edərək DGK rəhbərliyinə  klub üzv şirkətləri adından minnətdar olduğunu bildirib.
 
Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri komitə ilə müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.
Sıralarında 50 ölkədən 5 000 çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
 
 
 
 
 
 








Redaktorun seçimi