Avtoservis və avtoyuma xidmətləri - Problemlər və həllər

Hit: 561
Avtoservis və avtoyuma xidmətləri - Problemlər və həllər
Avtoservis və avtoyuma xidmətləri ölkədə geniş yayılmış fərdi sahibkarlıq fəaliyyətlərindəndir. Bunun əsas səbəbi qeyd olunan xidmət sahəsinin sınanılmış biznes növü olmasıdır. Tələbin artmasına uyğun olaraq bu sahədə göstərilən xidmət dairəsi daim genişlənir. Məhəllələrdə xidmət göstərən avtoservislərlə müqayisədə rəsmi servislərin təklif etdiyi xidmət daha peşəkar və keyfiyyətli olmaqla yanaşı, həm də təhlükəsiz və ətraf mühit üçün zərərsizdir. Adətən rəsmi servislərin mövcud olduğu ərazi əsasən daha geniş və fəaliyyət istiqamətinə uyğun seçilir. Lakin yaşayış sahələrinə yaxın və daha çox qazanc əldə etmək məqsədilə fəaliyyət göstərən servis, avtoyuma məntəqələrində bir çox amillər nəzərə alınmır. Belə olan halda, müəyyən fəsadlar bir müddətdən sonra özünü göstərməyə başlayır. 
 
Yaşayış sahələrinə yaxın ərazilərdə fəaliyyət göstərən servis, avtoyuma obyektləri ilə bağlı problemlərə xüsusilə də paytaxtda rast gəlmək mümkündür. Əhalinin böyük əksəriyyəti istər fərdi evlər, istərsə də yaşayış binaları yaxınlığında xidmət göstərən servis və avtoyuma məntəqələrindən narazıdır.  
 
Bu cür kiçik məntəqələrdə qiymətlər rəsmi servislərlə müqayisədə daha ucuz olduğundan bu obyektlərə müraciət edən sürücülər təkcə həmin ərazilərdə yaşayan sakinlərdən ibarət olmur. Bu da nəticə etibarilə həmin yaşayış sahələrində həm tıxaca, həm də çirkab suların axıdılmasına səbəb olur.  
 
Yaşayış ərazilərində fəaliyyət göstərən servis, avtoyuma məntəqələri qarşısında yaranan növbələr qəza şəraiti də yarada bilir. Bununla yanaşı, həyətə daxil olan avtomobil digərinin hərəkətini məhdudlaşdırmaq və ya başqa bir nəqliyyat vasitəsinin “yer”ində park etməklə həmin ərazidə yaşayan sakinlərdə narazılıq yaradır. Yaşayış ərazilərində fəaliyyət göstərən servis, avtoyuma məntəqələri qarşısında yaranan sıxlıq həm də piyadaların rahat şəkildə hərəkətinə mane olur. Yaranmış şərait həyətyanı sahələrdə oynayan uşaqlar və valideynlər üçün də ürəkaçan deyil. 
Avtoservis məntəqələrinin tullantıları, eləcə də avtoyuma obyektlərinin çirkab suları ərazidə xoşagəlməz görüntüyə səbəb olmaqla yanaşı, ekoloji mühitə də böyük ziyan vurmuş olur.  
Bu baxımdan yaşayış sahələrinə yaxın ərazilərdə fəaliyyət göstərən servis, avtoyuma məntəqələrinin heç bir narahatlıq yaratmadan və daha peşəkar, yüksək keyfiyyətli xidmət göstərməsi üçün müəyyən addımlar atıla bilər. Belə ki, yaşayış sahələri yaxınlığında fəaliyyət göstərən bu cür obyektlərin sahiblərinə biznes fəaliyyəti üçün alternativ zonaların təklif olunması problemin uyğun formada həllinə şərait yaradar. Bundan başqa, rəsmi avtoservislərdəki qiymətlərin daha əlçatan olması da fərdi ev və yaşayış binaları yaxınlığında fəaliyyət göstərən servis, avtoyuma məntəqələrinin xidmət keyfiyyətinin artırılması və lazımi tələblərə uyğunlaşdırılmasında mühüm rol oynaya bilər.   
 








Redaktorun seçimi